HƏDİYYƏ OLUNAN KİTABLARIN TƏQDİMATI KEÇİRİLİB

IMG_3270 (1)
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan 12 əlyazma və çap kitabının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Müxtəlif tarixi qaynaqları əhatə edən nadir sənət əsərlərinin bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynadığını deyən akademik bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın maddi-mədəniyyət nümunələrinə, milli mənəvi dəyərlərimizə dövlət qayğısı artıb.
İsmayıl Hacıyev cari ildə Mədəniyyət Nazirliyi tərəfindən ümumillikdə 55 adda əlyazma və kitabın bölməyə hədiyyə edildiyini diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev regionda mədəniyyətə, xalq yaradıcılığının inkişafına dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini deyib, muzeylərin yaradılması ilə bağlı imzalanan sərəncamların əhəmiyyətindən danışıb. Piri Nağıyev hədiyyə olunan kitablarla bağlı məlumat verərək bildirib ki, nəşrlər Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən nazirliyə təqdim olunub. O, gələcəkdə də bölmə ilə nazirlik arasında bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.
Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin apardığı tədqiqatlarla bağlı ümumi məlumat verərək tədbir iştirakçılarını yeni əlyazma və çap kitabları ilə yaxından tanış edib. Bildirib ki, hədiyyə olunan nəşrlər arasında ərəb və fars dillərində dini mövzularla bağlı “Risalə” əlyazması, “Qurani-Kərim”in dörd nüxsəsi, Məhəmmədbağır ibn-Məhəmmədtəqinin “Məclisi”, Şeyx Molla Əbülqasim Gənci Axundzadənin “Gülzari-həqiqət”, Bəhaəddin Məhəmməd Amilinin “Cameyi-Abbasi”, eləcə də müxtəlif tarixi və dini hekayələr toplusu və digər kitablar var.
Sonda Akif Hacıyev çıxış edərək tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət, nadir sənəd nümunələrinin toplanılması, öyrənilməsi və təbliğinin zəruriliyini qeyd edib.