NAXÇIVAN BÖLMƏSİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

AMEA Naxçıvan Bölməsində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə bölmənin sədri akademik İsmayıl Hacıyev müstəqillik tariximizin əlamətdar günlərindən biri olan və azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilən bayramın yaranma tarixinə nəzər salıb.

IMG_3322 (1)
Akademik ilk dəfə azərbaycanlıların birliyini təsdiq edən bu tarixi günün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, ulu öndər hələ 70-ci illərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının bir araya gəlməsi, onların milli birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib.
İsmaıl Hacıyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib. Dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərakatı məhz həmin qərarla başlanılıb.
Bölmə sədri vurğulayıb ki, ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ardıcıl və qətiyyətli addımlar atılır.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Milli Həmrəyliyimizin otuz illik inkişaf tarixi” mövzusunda məruzəsi dinlənilib.
Tədbirə yekun vuran İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə kollektivi təbrik edib, Azərbaycan xalqına əmin-amanlıq arzulayıb.