NAXÇIVAN BÖLMƏSİNDƏ RƏYASƏT HEYƏTİNİN 2020-Cİ İLƏ OLAN İLK İCLASI KEÇİRİLİB

Iclas 2020

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ilə olan ilk iclası keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İclasda ilk olaraq bölmənin doktorant və dissertantlarının attestasiyası keçirilib. Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova qurumun doktorant və dissertantları ilə bağlı məlumat verib.
Sonra bölmə üzrə 55 doktorant və dissertantların hesabatları dinlənilib. Onlar elmi-tədqiqat mövzularını və nəticələrini Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırıblar.
Akademik İsmayıl Hacıyev doktorant və dissertantların apardıqları tədqiqatlarla bağlı fikirlərini bildirib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra bölmənin elmi-tədqiqat institutlarının Elmi şuralarının 2020-ci il üçün iş planı təsdiq olunub.
İclasda, həmçinin bölmə əməkdaşlarının 2020-ci il üçün elmi-tədqiqat planları təsdiqlənib. Bu barədə məlumat verən Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bildirib ki, bu il 6 elmi istiqamətdə 6 problemi əhatə edən 38 iş 99 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub.
İsmayıl Hacıyev əməkdaşlara mövzu aktuallığının diqqətdə saxlanılması, aparılacaq tədqiqatların elmi səmərəliyinin yüksəldilməsi və sair məsələlər ilə bağlı tövsiyələrini verib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
Rəyasət Heyəti