VİKİPEDİYADA NAXÇIVANLA BAĞLI MÜHÜM MƏLUMATLAR YERLƏŞDİRİLİB

IMG_3474 (1)

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev rəhbərlik etdiyi müəssisədə gil istehsalı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Alim mineral tərkibinə görə rəngləri dəyişən gillərin hər bir növünün özünəməxsus xüsusiyyətləri olduğunu deyib. Bildirib ki, bir çox sənaye sahələrində geniş istifadə edilən bu maddənin Naxçıvan, Şahbuz, Babək və digər yataqlarda xeyli ehtiyatları mövcuddur.
Tofiq Əliyev bir çox yataqlardan nümunələrin götürüldüyünü, tərkiblərinin öyrənildiyini və gələcəkdə bu istiqamətdə işlər aparılacağını vurğulayıb. O, gil yataqlarının istismara cəlb edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafına ciddi təsir göstərə biləcəyini söyləyib.
İclasda, həmçinin bölmənin viki-qruplarının fəaliyyətləri də müzakirə olunub. Məsələ ilə bağlı İnformasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova çıxış edərək bildirib ki, 2019-cu ildə Naxçıvanın arxeoloji abidələri, qədim yaşayış yerləri, nekropol və qalaları, müxtəlif memarlıq abidələri-məscidlər, pirlər ilə bağlı Vikipediyaya 228 material, 8 adda monoqrafiya yerləşdirilib. Qeyd olunub ki, materialların 22-si ermənilərin Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddiaları və həyata keçirdikləri soyqırımlarla bağlıdır. Bundan əlavə, Naxçıvanın görkəmli şəxsiyyətləri və etnoqrafiyası ilə bağlı 9 viki-məqalədə redaktə işləri aparılmış, Vikimediyada 46 ölkə və dünya əhəmiyyətli mədəniyyət abidələrinin şəkilləri yerləşdirilmişdir.
Mövzu ilə bağlı çıxış edən İsmayıl Hacıyev viki-mühitdə ölkəmizlə, Naxçıvan Muxtar Respublikası ilə bağlı materialların xarici dillərdə olmasının vacibliyini vurğulayıb.
İclasda, o cümlədən bölmənin “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilib, “Gəmiqaya” adlı qəzetin nəşr edilməsi ilə bağlı qərar qəbul olunub.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.