Məmmədova Günel Aslan qızı

gunelMəmmədova Günel Aslan qızı 6 dekabr 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 2003-cü ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1 mart 2004-cü ildə Azərbaycan MEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasına kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışır.
23 iyun 2009-cu ildə AMEA Kimya Problemləri İnstitutunda (indiki Kataliz və qeyri-üzvi kimya institutu) kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Təbii Na,Mg – alümosilikat sistemində bərkfazalı və hidrotermal reaksiyalar” mövzusunda dissertasiya işini müdafiə etmiş və 10 mart 2010-cu il tarixdə həmin ada layiq görülmüşdür.
14 dekabr 2010-cu il tarixdə elm sahəsindəki nailiyyətlərinə görə təbiət və texniki elmlər üzrə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyəti tərəfindən “İlin alimi” fəxri adına, 2 fevral 2010-cu il tarixdə isə Naxçıvan MR Gənclər və İdman nazirliyi tərəfindən ilin ən yaxşı gənc alimi adına layiq görülmüşdür. Elm sahəsində səmərəli fəaliyyətinə görə 7 mart 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla və 2010-cu ildə Krasnodarda keçirilən beynəlxalq konfransın təşkilatçıları tərəfindən çıxışının yüksək elmi dərəcəsinə görə “Diplom”la təltif edilmişdir.
2014-cü ildə 28 May – Respublika Günü münasibətilə gənc alimlər üçün AMEA Rəyasət Heyətinin keçirdiyi qrant müsabiqəsinə təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yüksək temperatura davamlı istilik izolyasiya materiallarının, seolitlərin sintezi və tədqiqi” adlı elmi-tədqiqat proqramı II yerə layiq görülmüşdür və 2000 manatla mükafatlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin I-ci qrant müsabiqəsində onun Fonda təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilik
izolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənməsi” adlı qrant layihəsi qalib gəlmişdir.
2010-cu ildən Mariya El respublikasının Yoşkar-Ola şəhərində nəşr olunan “Новый Университет” jurnalının redaksiya heyətinin üzvüdür (www.universityjournal.ru).
2012-ci və 2013-cü illərdə “Mürəkkəb alümosilikatlarda termal və hidrotermal çevrilmələr” və “Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi” adlı monoqrafiyaları Almaniyanın Saarbrüken şəhərində “Lambert Academic Publishing” nəşriyyatının öz təşəbbüsü ilə rus («Термические и гидротермальные превращения в сложных алюмосиликатах») və ingilis (“Hydrothermal synthesis of different structural types of zeolites”) dillərində nəşr olunmuşdur.
2013-cü il 29 oktyabr tarixdə Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adına layiq görülmüşdür.
85-ə yaxın elmi əsərin və iki patentin müəllifidir. Təbii Ehtiyatlar İnstitutunun Elmi Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür, AMEA Naxçıvan Bölməsi müəssisədən kənar ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvüdür.
Ailəlidir, 1 övladı var.