ƏLYAZMALAR FONDUNA YENİ ƏLYAZMA VƏ ÇAP KİTABLARI HƏDİYYƏ OLUNUB

IMG_3633

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna 24 yeni əlyazma və çap kitabı hədiyyə edilib.
Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tariximizin həqiqi yaddaş reallığını özündə əks etdirən qədim əlyazma və çap kitablarının əvəzsiz rolundan danışıb. Bildirib ki, qədim əlyazmalar mənsub olduğu xalqın keçmişini, mədəni həyatını, tarixini yaşadır. Onlar gələcək nəsillər üçün də qiymətlidir.
Alim ümummilli lider Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” fikrini xatırladaraq, ölkəmizdə həyata keçirilən mühüm işlər sırasında müxtəlif tarixi qaynaqları əhatə edən kitabların toplanılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan kitabların qurumun Əlyazmalar Fonduna hədiyyə edilməsini yüksək qiymətləndirən İsmayıl Hacıyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği istiqamətində muxtar respublika sakinləri ilə yanaşı, Əməkdar mədəniyyət işçisi Akif Hacıyevin xidmətlərini xüsusi vurğulayıb və qeyd edib ki, onun topladığı kitablar arasında, xüsusilə, XX əsrin əvvəllərinə aid olan əsərlər fondun zənginləşməsinə xidmət edir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın və Orta Şərqin ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir. Zəngin və əhatəli kitab xəzinəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə bəşər sivilizasiyasının və dünya tarixinin araşdırılması üçün böyük əhəmiyyətə malikdir.
Natəvan Qədimova qeyd edib ki, tarixi və mədəni əhəmiyyət kəsb edən eksponatların, həmçinin qədim əlyazma və kitab nümunələrinin muzeylərə və elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən diqqət və qayğının əməli nəticəsidir.
Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov hədiyyə olunan əlyazma və çap kitabları – Salman Mümtazın tərtib etdiyi “Azərbaycan ədəbiyyatı: Aşıq Abdulla”, “Azərbaycan ədəbiyyatı. El şairləri” (II cild), Abdulla Şaiqin “Türk ədəbiyyatı”, Qafur Rəşadın “Coğrafiya” dərsliyi, müəllifi bəlli olmayan “Fars dili dərsliyi”, Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” (II cild, II hissə), Amerika jurnalisti Con Ridin 1917-ci ildə Rusiyada baş verən bolşevik üsyanı haqqında “Dünyanı sarsıdan 10 gün” adlı əsəri, Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinin ilk nəşri, İslam ölkələrinin tarixindən bəhs edən “Tarix səhnələri”, Əxlaqi, nəsihətamiz məzmunda “Şeirlər”, Sultan Məcid Qənizadənin “Məktubati-Şeyda bəy Şirvani”, İsmayıl Hikmətin ədəbiyyat tarixindən bəhs edən “Türk ədəbiyyatı” ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Vurğulanıb ki, sözügedən əlyazma və çap kitabları Azərbaycan, ərəb və fars dillərindədir.