“KİTABXANALAR VƏ GƏNCLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

IMG_3653 (1)

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirib.
Tədbiri M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və kitabxanaların qarşısında duran vəzifələrdən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini qeyd edərək ölkənin yaradıcı-istedadlı gənclərini qiymətləndirmək məqsədilə müxtəlif illərdə imzalanan fərman və sərəncamları xatırladıb. Bildirib ki, ölkəmizdə gənc nəslin dünyagörüşünün düzgün formalaşması, onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Dövlət gənclər siyasəti Naxçıvanda da uğurla həyata keçirildiyini deyən Tamella Əsgərova vurğulayıb ki, bu gün gənclərin kitabxanalara cəlb olunması, mütaliə mədəniyyətinin formalaşmasına, kitab marağının inkişafına xidmət edən hər cür şəraitə malik zəngin kitabxanalar, elektron kitabxanalar yaradılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır. Kitabxanalarda, o cümlədən müxtəlif təşkilatlarda mütəmadi olaraq həmin kitabların müzakirəsi təşkil edilir ki, bu da gənc nəslin kitaba, mütaliəyə marağının artmasında böyük əhəmiyyətə malikdir.
Daha sonra Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək gənc nəsildə mütaliə marağının artırılması, kitabların sevdirilməsi baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, rəhbərlik etdiyi qurumda çalışan kitabxana işçiləri fəaliyyətlərini bu günün tələblərinə uyğun, gənclərdə mütaliəyə marağı artırmaq yönündə qurmağa çalışır. Sahab Əliyeva qeyd edib ki, bu məqsədlə kitabxanada tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsi keçirilir, gənclər arasında kitabların təbliğatı aparılır, ideya-məzmun dəyərləri ilə tanış edilir, onlara belə kitablardan yararlanmaq məsləhət görülür. Yeni kitablarla tanış etmək üçün müntəzəm olaraq kitab sərgiləri, oxucu konfransları təşkil edilir. Vurğulanıb ki, yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsidir ki, oxucuların sayı da əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb.
Konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasında yaradılmış elektron kitabxanalar” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyevanın “Müasir gəncliyin pozitiv özünütəsdiqi: dəyərli istiqamətlərin və sosial təcrübələrin formalaşmasında kitabxanaların rolu” mövzusunda məruzələri dinlənilib.

IMG_3642 (1)