NAXÇIVAN BÖLMƏSİNİN ƏMƏKDAŞLARI MONİTORİNQLƏRDƏ İŞTİRAK EDƏCƏKLƏR

IMG_3690 (1)

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən muxtar respublikada fəaliyyət göstərən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2020-ci ildə aparılacaq monitorinqlərin layihəsi müzakirə edilib.
Əvvəlcə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək vacib işlərin müəyyənləşməsinə və həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dilinin inkişafı istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamıdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlətimizin dil siyasətinin uğurla həyata keçirildiyini vurğulayan Əbülfəz Quliyev diqqətə çatdırıb ki, istər orfoepiya, istərsə də orfoqrafiya qaydalarından düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Televiziya və Radio Şurasının bu istiqamətdə fəaliyyətini daha da genişləndirməsi aparılan kütləvi informasiya vasitələrində Azərbaycan dilinin saflığının qorunmasına töhfəsini verəcəkdir.
Layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verildikdən sonra müzakirələr aparılıb. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, şura üzvü Sara Əzimova, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və institutun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxış edərək bildiriblər ki, müasir qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Bu baxımdan 2013-cü il aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi heç də təsadüfi deyil. Dövlət Proqramında kütləvi informasiya vasitələrində Azərbaycan dilinin təbliği ilə bağlı xüsusi bəndin olması (6.5.) bu məsələnin əhəmiyyətini bir daha təsdiq edir.
Vurğulanıb ki, 2017-ci il yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov digər mühüm məsələlərlə yanaşı, muxtar respublikanın kütləvi informasiya vasitələrində ədəbi dil normalarına əməl olunmasının əhəmiyyətini də xüsusi vurğulamışdır. Bu baxımdan qeyd olunan məsələlər Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının da daim diqqətdə saxladığı məsələlərdəndir. Qarşıya qoyulan vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradiolar öz yayımlarını ancaq Azərbaycan dilində həyata keçirirlər. Şura Naxçıvan Muxtar Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı qaydalar hazırlayaraq teleradiolara göndərmişdir. Şuranın AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə birlikdə həyata keçirəcəyi monitorinq də teleradiolarda ədəbi dil normalarına əməl olunması və dilin inkişafını nəzərdə tutan növbəti layihələrdəndir.
Müzakirələr nəticəsində qərara alınıb ki, monitorinqlərin aparılması üçün xüsusi qrup yaradılsın. Həmin qrupa şuranın əməkdaşları ilə yanaşı, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutun 3 əməkdaşı daxil edilib. Monitorinqlərə bu ilin mart ayından start veriləcəkdir.
Qeyd edək ki, monitorinqlərin məqsədi muxtar respublikada fəaliyyət göstərən teleradiolarda ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması, statistik baxımdan araşdırılması, onların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün təkliflərin irəli sürülməsidir.