“NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA PETROFİL BİTKİLİYİNİN TƏDQİQİ” MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB

IMG_3722 (1) (1)

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Startap layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin “Biologiya” ixtisası üzrə I və II kurs tələbələrinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında petrofil bitkiliyinin tədqiqi” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə institutun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov tələbələrə petrofil (qaya-töküntü) bitkiləri ilə bağlı ümumi məlumat verərək bildirib ki, qayalıq, daş töküntülü sahələrində yayılmış bitkilər geobotanikada petrofil termini adı altında ümumiləşdirilib. Naxçıvan Muxtar Respublika ərazisində 16 bitkilik tipi yayılıb.
Namiq Abbasov muxtar respublikanın dağlıq hissəsində bir çox qiymətli nadir heyvan növlərinin-bezoar keçilərinin, muflonların olduğunu və bu heyvanların da qidasını əsasən müxtəlif yem əhəmiyyətli petrofil bitkiləri təşkil etdiyini deyib. Alimin sözlərinə görə hazırda regionun ərazisi üçün son sistematik dəyişikliklər və əlavələr nəzərə alınmaqla 176 fəsiləyə, 906 cinsə mənsub olan 3022 ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitki növləri var. Onlardan 46 fəsilə və 159 cinsdə cəmlənmiş 350 növü daşlıq, qayalıq, çay yataqları, çınqıllıq və töküntü bitkilərinin payına düşür.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının qayalı-töküntü bitkiliyi Kiçik Qafqazın yüksək dağlıq əraziləri üçün səciyyəvidir və bir çox faydalı bitkilərin genofondu üçün ehtiyat rolunu oynaya bilər. Qaya-töküntü bitki örtüyünün ətraflı öyrənilməsi yeni qiymətli elmi və praktik nəticələr əldə etməyə imkan verəcək.
Daha sonra tələbələr institutun Biokimyəvi tədqiqatlar laboratoriyasında, Zooloji tədqiqatlar şöbəsində, Herbari fondunda və Təbiət muzeyində olublar.