“PROFESSOR YUSİF SEYİDOVUN ELMİ İRSİNDƏ YAZIÇI VƏ DİL MƏSƏLƏLƏRİ”NƏ DAİR KİTAB NƏŞR OLUNUB

kitab

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızının birgə ərsəyə gətirdiyi “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri” (XX əsrədək) adlı I kitab “Əcəmi” Nəşriyyat – Poliqrafiya Birliyində işıq üzü görüb. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 08 yanvar 2020-ci il tarixli 1 nömrəli qərarı ilə çapa tövsiyə olunan əsərin elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professor İsmayıl Kazımov və əməkdar elm xadimi, professor Hüseyn Həşimlidir.
Azərbaycan dilçiliyində ədəbi dil məsələlərinin tədqiqi müəyyən bir tarixə malik məsələ olsa da, bu sahədə zəruri nəticələr əldə edilsə də, hələ tədqiq olunmamış, səthi yanaşılmış, konkret bir qənaətə gəlinməmiş məsələlər də az deyildir. Müəlliflərin uzun illərdən bəri çəkdiyi birgə əməyinin bəhrəsi olan bu əsər Azərbaycan dilinin mövzu və problem olaraq aktual məsələlərindən birinə həsr olunmuşdur. Belə ki, ədəbi dilimizin formalaşması və müasir səviyyəyə yüksəlməsində söz sənətkarlarının xidməti ilə yanaşı, dilçi alimlərin də böyük rolu vardır. Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan dilçi alimlərimizdən biri də Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Yusif Mirəhməd oğlu Seyidovdur. Həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarının genişliyi ilə seçilən görkəmli alim müraciət etdiyi hər bir mövzunu zəngin faktlarla, inandırıcı mühakimələrlə, mükəmməl nəticələrlə tamamlamış, bir sıra problemlərin araşdırılmasında son və konkret fikir yürütmüşdür. O, sistemli şəkildə qrammatika ilə məşğul olsa da, dilçiliyimizin elə bir sahəsi və qaranlıq məqamı yoxdur ki, ora müracit etməsin və həlli yollarını göstərməsin. Y.M.Seyidov müntəzəm olaraq “Yazıçı və dil” problemi ilə məşğul olmuşdur. VII əsrdən XX əsrin sonuna qədər Azərbaycan yazıçı və şairlərinin dil haqqında fikirləri, dilçilik görüşləri və onların dil-üslub xüsusiyyətlərindən bəhs edən neçə-neçə monoqrafiya və onlarla elmi-nəzəri məqalənin müəllifi olmuşdur. Bu korifey dilçinin, azman şəxsiyyət və ustad müəllimin yaradıcılığı kifayət qədər monoqrafik material versə də, onun elmi yaradıcılığı sistemli və hərtərəfli şəkildə araşdırmaya cəlb edilməmişdir. Ümumiyyətlə, hər hansı bir məsələyə böyük problemin bir ünsürü kimi yanaşmaqla konkret planda, sistemli şəkildə yanaşmaq eyni mahiyyət kəsb etmir. Fikrimizcə, bu bu monoqrafiya professor Yusif Seyidovun zəngin və çoxşaxəli elmi yaradıcılığının bir istiqamətinə – ədəbi dil məsələləri mövzusuna həsr olunan ilk, konkret, sistemli, bitkin və sanballı bir elmi tədqiqat əsəridir. Monoqrafiyanın məhz bu mövzuya həsr edilməsi onun aktuallığını şərtləndirir.
Əsər quruluş etibarilə giriş, üç fəsil, nəticə və istifаdə еdilmiş ədəbiyyаtın siyаhısındаn ibаrətdir.
Monoqrafiyanın “Giriş” hissəsində mövzunun аktuаllığı, еlmi yеniliyi, оbyеkti və prеdmеti, nəzəri və prаktik əhəmiyyəti, hаqqındа məlumаt vеrilir.
Əsərin “Professor Yusif Seyidovun həyat və yaradıcılığının ümumi mənzərəsi” adlanan birinci fəslində Yusif Seyidovun həyatı şərti olaraq üç mərhələdə təhlil olunur. Belə ki, onun keçdiyi keşməkeşli həyat yolu bir nümunə olaraq dəyərləndirilir.
“Professor Yusif Seyidovun yaradıcılılğı” adlı ikinci yarımfəsil iki dövrə ayrılaraq öyrənilir: 1) 1980-ci illərə qədərki dövrdə 1952-ci ildə “Azərbaycan müəllimi” qəzetində dərc etdirdiyi “Azərbaycan dilinin qrammatikası haqqında” adlı ilk məqaləsi ilə başlanan elmi yaradıcılığı və pedaqoji fəaliyyəti izlənilir. Həmçinin bu yarımfəsildə Y.Seyidovun dilçilikdən başqa, tənqidçi və ədəbiyyatşünas alim kimi yaradıcılığı, publisistikası da təhlil olunur. Həmçinin böyük dilçi alim Səlim Cəfərova həsr olunan 5 böyük elmi əsəri müəlliflər ayrı-ayrılıqda təhlil edir. Professor Yusif Seyidovun İ.Həsənov, M.Xəlifəzadə, Y.Mirbabayev, B.Çobanzadə, M.Şirəliyev, M.Hüseynzadə, Ə.Dəmirçizadə və digərlərindən bəhs etdiyi “Azərbaycan dilçilik elmini yaradanlar və inkişaf etdirənlər”, habelə görkəmli dilçi alim Nəsir Məmmədovdan bəhs edən “Əlli il maarif cəbhəsində” kimi əsərləri tədqiata cəlb olunaraq yüksək dəyərləndirilir.
2.“Professor Yusif Seyidovun 1980-ci illərdən sonrakı yaradıcılığı” adlı digər yarımfəsildə 1985-ci ildə çap olunan üçmüəllifli “Müasir Azərbaycan dili” (Sintaksis) dərsliyinin müəlliflərindən biri olması kimi onun ən məhsuldar işi yüksək qiymələndirilir.
Yusif Seyidovun “Klassik Azərbaycan şairləri söz haqqında”, “Yazıçı və dil”, “Sözün şöhrəti”, “Sözün qüdrəti”, “Sözün hikməti” və s. kimi sanballı monoqrafiyaları, Afad Qurbanovun “Bədii mətn və linqvistik təhlil”, Ə.Dəmirçizadənin Füzulinin ədəbi dilimizin tarixində yeri haqqında apardığı tədqiqatlarından bəhs edən “Azərbaycan dilinin xəlqi təbiəti və bədii vüsəti”, “Muxtar Hüseynzadə” kimi başlıqlar altında konkret nümunələrdən gəlinən nəticələrlə dəqiq faktlar və göstəricilər təqdim etməsi xüsusi məziyyət bəxş edir.
Müəlliflər professor Yusif Seyidovun Azərbaycan dili tarixinə dair apardığı səmərəli tədqiqatlar, habelə “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, “Dövrün (XII-XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”, “Ədəbi şəxsiyyət və dil” və s. məqalələrini, habelə “Nəsiminin dili” monoqrafiyasını ciddi və ardıcıl müşahidə və axtarışların, dil tariximiz haqqında dərin və hərtərəfli elmi tədqiqatların məhsulu kimi təqdim edir.
Monoqrafiyanın II və III fəsli “Professor Yusif Seyidov və XII-XIX əsrlər ədəbiyyatımızda Azərbaycan ədəbi dili məsələləri” mövzusuna həsr olunub. Burda Yusif Seyidovun XII-XIX yüzilliklər Azərbaycan ədəbi dilimizə dərindən nüfuzu və yeni dövr ədəbi prosesini araşdırmalarında ardıcıl izləməsi nəticəsində ortaya qoyduğu əsərlərdən və gəldiyi elmi qənaətlərdən söhbət açılır.
Xalqımızın “ana kitabı” olan ““Kitabi-Dədə Qorqud” dastanı haqqında”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, Yusif Məddahın eyni şəkildə yazılımış “Vərqa və Gülşa” poeması, klassik ədəbiyyatımızın araşdırılmasından bəhs olunan “Klassik irs qayğıları” adlı əsəri təhlil süzgəcindən keçirilir.
Məlumdur ki, Y.Seyidovun elmi yaradıcılığında ədəbi şəxsiyyətlərə maraq güclü olmuşdur. “Professor Yusif Seyidov və XI-XV əsr ədəbiyyatımızda Azərbaycan ədəbi dili məsələləri” adlı ikinci yarımfəsildə məhz alimin Azərbaycan ədəbiyyatı xəzinəsinə böyük incilər bəxş edən ustadlarına həsr olunan araşdırmaları geniş və əhatəli şəkildə tədqiq edilir. Razılıq doğuran hal ordadır ki, bu yarımfəsillərdə müəlliflər xeyli miqdarda sırf elmi cəhətdən yeni olan ilk mülahizə, fikir və konkret qənaətlər ortaya qoyur.
Müəlliflər Y.Seyidovun “yazıçı və dil” probleminin iki istiqamətdə (1. Yazıçının əsərlərinin dili; 2. Dil haqqında fikirləri) öyrənilməsinin tərafdarı olduğunu qeyd edir.
Yuxarıda da qeyd etdiyimiz kimi Əbülfəz Quliyev və Aliyə Əbülfəz qızının “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri” seriyasından olan birinci kitab sadəcə alimin yaradıcılığının XX əsrədək olan dövrünü əhatə edir. Bu seriyadan olan kitabın ikinci hissəsində professor Yusif Seyidovun elmi irsində yazçı və dil məsələlərinin XX əsr və XXI əsrin ilk on ilini əhatə edən böyük bir dövrü əhatə edilməsi nəzərdə tutulub. Belə ki, Azərbaycan ədəbi dili tarixi fonunda “XX əsr Azərbaycan şeirində dil məsələsi” tədqiq olunarkən Rəsul Rza yaradıcılığında dil məsələsi, Səməd Vurğun haqqında yazdığı “Şairin dərdi” əsəri, “XX əsr Azərbaycan nəsrində dil məsələsi” başlığı altında isə Mirzə İbrahimovun yaradıcılığında dil məsələləri, üç zirvənin fatehi Mir Cəlal Paşayev haqqında “Şirin söz ustadı”, “Xalq yazıçısı Elçin” adlı monoqrafiyasındakı ədəbi və bədii dil məsələlərinin geniş və konseptual şəkildə araşdırılması nəzərdə tutulub.
Beləliklə, elmi yaradıcılığı Azərbaycan diçiliyinin böyük bir mərhələsini təşkil edən professor Yusif Seyidov dilçilik sahəsində məktəb yaratmış alimlərimizdən biri olmaqla yanaşı, dilimizin qorunması, onun saflığının qayğısına qalan və bu sahədə təbliğat aparan böyük vətəndaş-şəxsiyyət olmuşdur. Azərbaycanda ədəbiyyatşünaslıq və dilçilik problemlərini vəhdətdə tədqiq edən alim ömrünün 60 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr etmişdir. Alimin bu sahədəki tədqiqatlarının nəticəsi olaraq 200-dən çox elmi əsəri, o cümlədən 30-dan çox monoqrafiya, kitab, dərslik və dərs vəsaitləri (Azərbaycan və rus dillərində) işıq üzü görmüşdür. Bu əsərləri müəlliflər təhlil etmiş, ciddi araşdırmaların nəticəsi olaraq əldə olunan elmi qənaətlər də bu sahədə ciddi elmi biliklərin ortaya qoyulmasına imkanlar yaratmışdır. Bu mənada Əbülfəz Quliyev və Aliyə Əbülfəzqızının haqqında bəhs açdığımız əsəri bu sahədə ilk və yeni olduğu kimi, irəli sürülən fikirlər və nəticə baxımından da ciddi elmi əhəmiyyətə malikdir. Müəlliflərin əldə olunan qənaətləri, gəlinən elmi nəticələri 10-dan çox müddəada ümumiləşdirilmişdir. Əsərdə qoyulan məsələlər Azərbaycan dilçiliyi üçün nə dərəcədə zəruri əhəmiyyət kəsb edirsə, gəlinən nəticələr, əksini tapan qənaətlər də bir o dərəcədə əhəmiyyət və fayda kəsb edir. Əsərin sonunda verilən 250-ə yaxın elmi və nəzəri ədəbiyyatın yarıdan çoxu son 5-10 ilin nəşridir.
Monoqrafiya Azərbaycan ədəbi dili, dilçilik tarixi ilə bağlı yazılacaq dərslik, dərs vəsaiti və nəzəri əsərlərdə, ali məktəblərin filologiya fakültələrində bir sıra əsas və seçmə fənlərin (nitq mədəniyyəti və üslubiyyat, dillərin müqayisəli təhlili və s.) tədrisində əhəmiyyətli mənbədir.

ZÜLFİYYƏ İSMAYIL

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent