AMEA NAXÇIVAN BÖLMƏSİNDƏ “NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ELMİN İNKİŞAFI: MƏRHƏLƏLƏR, UĞURLAR, VƏZİFƏLƏR”

MÖVZUSUNDA RESPUBLİKA KONFRANSI KEÇİRİLƏCƏK

2020-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 75 illiyi tamam olur. Yubileylə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 7 fevral 2020-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarın icrasını və AMEA-nın 75 illik yubileyinin Naxçıvanda qeyd edilməsini təmin etmək məqsədi ilə AMEA Naxçıvan Bölməsində 27 mart 2020-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzifələr” mövzusunda respublika konfransı keçiriləcəkdir.

AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır:

  • Ulu öndər Heydər Əliyev və Naxçıvanda elmin inkişafı
  • Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi: təsis edilməsi və inkişaf tarixi
  • Naxçıvanşünaslığın elmi istiqamət kimi formalaşması
  • Humanitar, ictimai, fundamental və tətbiqi elm sahələrinin inkişafı
  • Elmi kadrların formalaşdırılmasında akademiyanın rolu
  • Sosial-iqtisadi inkişafda elmin rolu
  • Elm və istehsalatın qarşılıqlı əlaqəsi, startapların əhəmiyyəti

Konfransda iştirak üçün məruzə mətninin adlarının əvvəlcədən göndərilməsi əsasdır. Məruzələrə aid tələblərlə və digər məlumatlarla AMEA Naxçıvan Bölməsinin www.ameanb.nakhchivan.az saytından tanış ola bilərsiniz.
Konfransa təqdim olunan məruzə mövzuları 20 mart 2020-ci il tarixədək Təşkilat Komitəsinə təqdim olunmalıdır.

AMEA Naxçıvan Bölməsi

Konfransda iştirak qaydaları:

Məqalə adlarının göndərilməsi və dəyərləndirilməsi: 10 mart 2020-ci il
Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçılara əvvəlcədən bildiriləcəkdir.

Təqdimat

Konfransda hər bir məruzənin təqdim olunmasına 20 dəqiqə vaxt ayrılır.

Məruzə mətnlərinin hazırlanmasına dair yazı qaydaları

  1. Məqalələr MS.Word proqramında, A4 kağız formatında, 12 pt və Times New Roman yazı formatı ilə yazılmalıdır.

  2. Təqdim olunan məqalələrin həcmi 5-7 səhifədən artıq olmamalıdır.

  3. Məqalənin həmmüəllifinin sayının ikidən artıq olması qəbul olunmur.

  4. Məqalənin keyfiyyətinə, orada göstərilən faktların düzgünlüyünə bilavasitə müəllif cavabdehdir.

  5. Təqdim olunan məqalənin sağ küncündə “12” ölçüdə qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) adı və soyadı, 1 interval ara verməklə aşağıda işlədiyi təşkilatın adı “12” ölçüdə adi və kiçik hərflərlə yazılır (məs.: AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti). Yenə 1 interval ara verməklə müəllifin (müəlliflərin) elektron poçt ünvanı göstərilir. Bunlardan sonra 1 sətir boş buraxılaraq ortadan “12” ölçüdə qalın və böyük hərflərlə məqalənin adı yazılır.

  6. Daha sonra bir sətir boş buraxılaraq məqalənin əvvəlcə Azərbaycan dilində olmaqla 2 dildə (Azərbaycan və ingilis dillərində) xülasələri verilir. Azərbaycan və ingilis dillərindəki xülasələrdən əvvəl sağ tərəfdə “12” ölçüdə məqalə müəllifinin (müəlliflərin) adı qalın kiçik, soyadı qalın böyük hərflərlə, məqalənin adı isə qalın böyük hərflərlə yazılır, sonra “12” ölçüdə xülasələrin mətni verilir. Hər xülasənin sonunda 10 sözü keçməməklə açar sözlər yazılır. “Açar sözlər” söz birləşməsi qalın hərflərlə yazılır.

  7. Xülasələr və ədəbiyyat siyahısı 1, məqalənin mətni isə 1,5 interval ara ilə yazılmalıdır.

  8. Mövzu ilə bağlı mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat siyahısı yazıldığı dildə “12” ölçülü, 1 interval ara ilə, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında “12” ölçülü qalın və böyük hərflərlə yazılır. Mənbə və ədəbiyyatların sayı 12-15-dən artıq olmamalıdır.

  9. Məqalələr ameanaxcivanbolmesi@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Azərbaycan Respublikası/ Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76

Tel.: +994 (036)-544-09-64
+994 (036)-545-16-80