NAXÇIVAN BÖLMƏSİNİN ƏLYAZMALAR FONDU ZƏNGİNLƏŞDİRİLİR

IMG_3780 (4)

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun şəxsi kitabxanasından fonda hədiyyə etdiyi əlyazma və çap kitablarının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Fərman Xəlilov Əlyazmalar Fondunun zənginləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib. Bildirib ki, rəhbərlik etdiyi qurum Naxçıvanda milli-mənəvi xəzinəmiz olan qədim əlyazma və çap kitablarının yorulmaz toplayıcısı, etibarlı qoruyucusu, araşdırıcısı və təbliğatçısıdır. Sonra o, hədiyyə etdiyi əlyazma və çap kitabları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək onların elmi əhəmiyyətindən danışıb. Bildirib ki, hədiyyə olunanlar arasında satirik şair Mirzə Əli Möcüzün 100-dək əlyazmasının surəti, Lətif Hüseynzadənin “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti haqqında xatirə”ləri, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illərdə keçirilən 41 iclas protokolunun əlyazma surəti, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” (1867), Namiq Kamalın “Vətən yaxud Slistrə” (1899), “Akif bəy” (1908), Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları”nın ilk nəşri (1924), Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” (1926), Salman Mümtazın tərtibçisi olduğu “El şairləri” (1927) adlı dəyərli çap kitabları həmçinin, Azərbaycan və dünya klassiklərinin bədii əsərləri, dərsliklər, elmi, dini, fəlsəfi və tarixi əsərlər var.
Sonra tədbir iştirakçıları fonda hədiyyə edilən əlyazma və çap kitabları ilə əyani şəkildə tanış olublar.