NAXÇIVAN BÖLMƏSİNDƏ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

IMG_3818

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Yığıncağı Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qadınların cəmiyyətimizdəki mövqeyi və rolundan danışıb. Qeyd edib ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.
Bu gün Azərbaycan qadınının cəmiyyətdəki yeri və nüfuzunun daha da artdığını diqqətə çatdıran akademik bildirib ki, ümummilli liderin qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. O vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün bütün Azərbaycan qadınlarının yorulmaz, mübarizə əzmi göstərən güc və qüdrətinin bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikasında da qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını deyən İsmayıl Hacıyev bölmənin qadın əməkdaşlarının fəaliyyətindən danışıb, onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva çıxış edərək ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib.