TÜRKOLOQ ALİMİN BİBLİOQRAFİK GÖSTƏRİCİSİ NƏŞR OLUNUB

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileyi ərəfəsində biblioqrafik göstəricisi işıq üzü görüb.
Bölmənin Rəyasət Heyətinin 21 fevral 2020-ci il tarixli qərarı ilə çapa tövsiyə olunan kitabın elmi redaktoru akademik İsmayıl Hacıyevdir.
Nəşrdə Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və pedaqoq Əbülfəz Quliyevin elmi və pedaqoji fəaliyyətinin 1972-ci ildən bugünədək olan dövrü əks olunur.
Kitabda alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi və elmi kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri, o cümlədən dissertasiyalara rəhbərlik və opponentlik işləri işıqlandırılıb. Həmçinin Əbülfəz Quliyevin ictimai və elmi pedaqoji fəaliyyəti ilə bağlı qısa oçerk verilib, əsərləri və özü haqqında nəşr olunan yazılar yer alıb. Bundan başqa, nəşrdə ölkə hüdudlarından kənarda elmimizi layiqincə təmsil edən dilçi alimin Azərbaycan dilinin tarixi və türk dillərinin tarixini geniş təbliğ edən müxtəlif səviyyəli konfrans, simpozium və elmi seminarlarda çıxış və məruzələri də əksini tapıb.
Filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızının tərtib etdiyi vəsaitin sonunda Əbülfəz Quliyevin əsərlərinin, müştərək müəlliflərin və alim haqqında yazılmış müəlliflərin əlifba göstəricisi verilib.

70 001 (1)