“NAXÇIVANIN DÜNYA ƏHƏMİYYƏTLİ ABİDƏLƏRİ” ADLI LAYİHƏ UĞURLA BAŞA ÇATIB

Naxçıvanın dünya əhəmiyyətli abidələri (2)

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında Naxçıvan Qarnizonu tam orta məktəbinin 10-cu sinif şagirdləri Lamiyə Hacıyeva və Ayişə Əsgərova muxtar respublika ərazisində yerləşən dünya əhəmiyyətli abidələrin rayonlar üzrə sayını və yerini əks etdirən xəritə hazırlayıblar. Naxçıvanda qədim sənət növlərindən olan ağac üzərində yandırma üsulu ilə işlənilən xəritə iki milli-mənəvi dəyərin sintezini – tarixi abidələrimizi və qədim sənət növünü özündə əks etdirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında qeydə alınaraq pasportlaşdırılan abidələrin 1200-dən çox abidənin 57-si dünya əhəmiyyətlidir.