NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MEYVƏÇİLİYİN İNKİŞAFI

Mühüm coğrafi mövqedə və Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Мuxtar Рespublikası Azərbaycanın ən qədim meyvəçilik regionlarından biri hesab edilir. Burada bitən təsərrüfat əhəmiyyətli yabanı meyvə bitkilərini bu gün də seleksiyaçılar yüksək qiymətləndirirlər. Tarixi minilliklərə dayanan Naxçıvanın meyvəçilik tarixi deməyə əsas verir ki, hazırda bağlarda becərilən meyvə sortları ərazidə olan yabanı meyvə bitkiləri üzərində əsrlər boyu aparılmış xalq seleksiyasının məhsuludur.
Meyvəçilik əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik olan Naxçıvan Muxtar Respublikasında 1996-cı ildən yüksələn xətt üzrə inkişaf etdirilir. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı meyvəçiliyin inkişafı üçün həlli vacib tədbirlər haqqında imzalanan sərəncamların, proqram və layihələrin icrası istiqamətində həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunmuşdur. Qeyd edilən proqramların icrası zamanı muxtar respublikanın meyvə genefondunun qorunub saxlanması və genişləndirilməsi, aborigen meyvə sortlarının mütərəqqi üsullarla aparılan tədqiqatlar əsasında, sistemli şəkildə öyrənilməsi, həmçinin ərzaq təhlükəsizliyi baxımından əhalinin keyfiyyətli, ekoloji təmiz məhsullarla təmin olunması, rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılmasında rol oynayan yeni intensiv tipli meyvə bağları salınması, yeni texnoloji prinsiplərə əsaslanan meyvə emalı müəssisələrinin yaradılması xüsusilə diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası rəhbərliyinin yüksək idarəçiliyi sayəsində durğunluq vəziyyətində olan meyvəçiliyin inkişafı üçün çıxış yolları müəyyən edilmiş, az bir müddət ərzində yeni meyvə bağları yaradıldı yüksək məhsuldarlıq əldə olunmuşdur. Belə ki, 1996-cı ildə 1995-ci illə müqayisədə 480 hektardan çox yeni meyvə bağı salınaraq meyvəçilik üzrə ümumi əkin sahəsi 1586 hektara çatdırılmışdır. 2001-ci ildə muxtar respublikada meyvə bağlarının ümumi əkin sahəsi 2248 ha olmuş, 2005-ci ildə isə bu bağların ümumi sahəsi 2746 ha çatmışdır ki, onların da 2424 hektarı barverən yaşda olmuşdur.

20200429_123339 (1)

Qrafik 1. Naxçıvan Muxtar Respublikasında meyvə bağlarının sahəsi (ha)

Hər il meyvə bağlarının əkin sahələri artırılmışdır ki, bu da öz növbəsində istehsal həcminin artması ilə yanaşı, idxaldan asılılığın aradan qaldırılmasına da müsbət təsir göstərmişdir (Qrafik 1.). 2009-cu ildə muxtar respublikada meyvə bağlarının ümumi əkin sahəsi 3727,3 hektara çatdırılmışdır ki, bu da 1995-ci illə müqayisədə 3,6 dəfə çoxdur. 2009-2013-cü illər Dövlət Proqramının icrası dövründə muxtar respublikanın meyvə bağlarının əkin sahəsi 600,3 hektar genişləndirilərək 4327,6 hektar olmuşdur. 2011-ci ildə 4107,2 hektar olan meyvə bağlarının sahəsi 546,3 hektar artırılaraq 2015-ci ildə 4653,5 hektar olmuşdur. 2014-2018-ci illərdə bağların sahəsi 672,7 hektar artırılaraq 5000,3 hektara çatdırılmışdır. 2018-ci ildə hektardan yığılan məhsuldarlıq 2014-cü illə müqayisədə 32% artmışdır. 2019-cu ildə meyvə bağlarının ümumi sahəsi 1995-ci ildəkindən 4,7 dəfə çox artaraq 5156,5 hektar olmuşdur ki, bunun da 89,2%-i barverən yaşda olmuşdur./p>

20200429_123322 (1)

Qrafik 2. Naxçıvan Muxtar Respublikasında meyvə istehsalı (ton)

1996-cı ildə 1991-ci illə müqayisədə muxtar respublikada meyvə istehsalı 8 dəfə, məhsuldarlıq isə 12,2 dəfə artmışdır. Qrafik 2-dən göründüyü kimi, 1996-2019-cu illərdə muxtar respublikanın meyvə bağlarında istehsal 2004-cü və 2014-cü illər istisna olmaqla digər illərdə yüksələn xətt üzrə müşahidə edilir. 2001-ci ildə muxtar respublikanın meyvə bağlarından 28679 ton məhsul tədarük edilmiş, hər hektarından məhsuldarlıq 154,7 sentner olmuşdur ki, bunlar da ötən illərlə müqayisədə ən yüksək göstərici kimi qeydə alınmışdır. 2005-ci ildə muxtar respublikanın meyvə bağlarından 2004-cü illə müqayisədə 19799 ton çox – 36432 ton meyvə yığılmışdır. Buna müvafiq olaraq 2005-ci ildə hektardan məhsuldarlıq 2004-cu ilə nisbətən 1,8 dəfə çox olmuşdur. 2009-2013-cü illərdə mövcud bağlardan tədarük edilən meyvə 43276,2 ton olmaqla əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatdırılmışdır. 2014-cü ildə ümumi yığım 1996-cı illə müqayisədə 1,92 dəfə üstündür. 2015-ci ildə istehsal edilən məhsul 2014-cü illə müqayisədə 41% artmışdır [1, s. 7]. Məhsul tədarükü üzrə ən yüksək göstərici 2018-ci ildə 55949 ton olmuşdur ki, bu da 1996-cı illə müqayisədə 3 dəfə çoxdur.
2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə Naxçıvanda meyvəçiliyin elmi əsaslarla, sistemli şəkildə tədqiq edilməsinin əsası qoyulmuş oldu. Tədqiqatların istiqaməti kimi keyfiyyətli, məhsuldar, xəstəliklərə davamlı sortların öyrənilməsi və seleksiya işlərində istifadə edilərək daim təkmilləşdirilməsi qeyd edilmişdir. Unudulmaqda olan, “Naxçıvan sortları” adı ilə məhşurlaşmış onlarla meyvə sortlarının qorunması və öyrənilməsi məqsədilə Bölmənin Bioresurslar İnstitutunda meyvə genofondu bağı yaradılmışdır. Genofond bağında meyvə bitkiləri plana¬uyğun olaraq əkilmiş, meyvəçilikdə qəbul edilmiş muasir metodikalar əsasında elmi araşdırmalar yerinə yetirilmişdir. Ötən fəaliyyət dövründə AMEA Naxçıvan Bölməsində muxtar respublikada becərilən çəyirdəkli, tumlu, giləmeyvəli və s. meyvə bitkilərinə dair tədqiqatlar aparılmış, onların sistematik tərkibi müəyyənləşdirilmiş, genefondu qiymətləndirilmiş, zərərvericiləri öyrənilmişdir. Qısa müddət ərzində yabanı alma və armudun növ və variasiyalarının təhlili verilmiş və Azərbaycan florası üçün iki növü ilk dəfə təqdim edilmiş, ərazidə becərilən üzüm, alma, armud, gilas, albalı genofondunun kompleks şəkildə tədqiqinə nail olunmuş, 178 üzüm, 104 alma, 63 gilas və 24 albalı sort və formasının genefondunu müəyyənləşdirilmiş, bioloji və pomoloji göstəriciləri tədqiq edilmişdir. Meyvəçilik sahəsində kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bir çox meyvələrə dair monoqrafiyalar, müasir becərmə üsullarının təbliği istiqamətində kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparılmış, bukletlər çap etdirilmişdir.
Zamanla aqrar sahəni sabit inkişaf etdirmək üçün kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını və ərzaq təhlükəsizliyini təmin etməyə yönəlmiş müvafiq tədbirlərin işlənməsi zərurəti ortaya çıxmışdır. Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Ali Məclisin Sədri demişdir: “Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi, emal müəssisələrinin xammalla təchiz olunması, istərsə də məşğulluğun təmin olunmasındakı xüsusi çəkisinə və əhəmiyyətinə görə kənd təsərrüfatı hər zaman muxtar respublika iqtisadiyyatın¬da öncül mövqeyə malik olmuşdur”.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına əsasən geni dəyişdirilmiş orqanizmlərin dövriyyəsinə nəzarət gücləndirilmiş, biomüxtəlifliyin qorunması, saxlanması və istifadəsi, meyvə bağlarının bərpası və yenilərinin salınması, meyvə ixracının təşviq edilməsi yönündə işlər aparılmışdır. Belə ki, muxtar respublikada məhsul istehsalının artırılmasında yeni istiqamətlər müəyyənləşdirilmiş, xammal istehsalı və emal sahələrinin əlaqəli inkişafının təmin olunması, rəqabətədavamlı məhsul istehsalının stimullaşdırılması, xaricdən gətirilən geni dəyişdirilmiş meyvəni bazardan sıxışdırması üçün kənd təsərrüfatı istehsalçılarının ekoloji təmiz məhsul becərməsi və əhalini il boyu meyvə ilə təmin edəcək iritutumlu saxlama kameraları yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ekspertlərinin qiymətləndirmələrinə görə “Dünya ərzaq təhlükəsizliyi”nin vəziyyətinin iki mühüm göstəricisindən biri adambaşına düşən istehsal səviyyəsidir. Dövlət Proqramında 2015-ci ilə qədər əhalinin müxtəlif meyvə məhsullarına olan tələbatının adam ba¬şına 88,5 kiloqrama çatdırılması nəzərdə tutulsa da, bu vəzifə muxtar respublikada uğurla yerinə yetirilərək 115,6 kq-a çatdırılmışdır. Statistikadan göründüyü kimi, Naxçıvanda bir nəfər üçün tələbat 2018-ci ildə 122,7 kq qeyd edilərək ən yüksək olmuşdur. Muxtar respublikanın hər bir nəfəri üçün il ərzində istehsal edilən meyvə 2019-cu ildə 1996-cı illə müqayisədə 2,1 dəfə çox olmuşdur.
Naxçıvan Muxtar Respublikasında uğurla icra edilən 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərə¬vəzçili¬yin inkişafı üzrə Dövlət Proqramı kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafında olduqca nəzəri və təcrübi əhəmiyyətə malikdir. Dövlət Proqramlarında muxtar respublikada yüksək keyfiyyətli və məhsuldar meyvə bağlarının salınması, unudulmaqda olan meyvə sortlarının bərpası, ərazilər üzrə müvafiq meyvə sortlarının əkininə dair tövsiyələrin hazırlanması, əhalinin fasiləsiz olaraq meyvə ilə təmin edilməsi məqsədilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi, meyvə məhsullarının ixracının stimullaşdırılması öz əksini tapmışdır. Proqramların icrası Naxçıvanda uzun illərdən bəri təbii şəraitin, uzun müddət becərilmə və introduksiya olunmuş sortların hesabına xalq seleksiyası nəticəsində formalaşmış yüksək məhsuldarlığa malik yerli meyvə sortlarının bərpasına və seleksiya işlərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasındakı çıxışında demişdir: “2015-ci ildə muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilməli, əhalinin ərzaq məhsulları ilə təminatı davamlı xarakter almalı, emal müəssisələri xammalla fasiləsiz təchiz edilməlidir. Muxtar respublikanın ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası da kənd təsərrüfatına xüsusi diqqət yetirilməsini tələb edir”.
Proqramların icrası əsasında Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində, Arazboyu düzənlik ərazilərdə meyvə və üzüm bağları salınmışdır. Şərur rayonunun Kərimbəyli və Çərçiboğan kəndlərində süfrə sortlarından ibarət yeni üzüm bağı salınmışdır. Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılmışdır. Kəngərli rayonu ərazisində püstə bağı, rayonun Xok kəndi ərazisində yeni badam bağı salınmışdır. Muxtar respublikada bar verən meyvə bağlarının ümumi sahəsi 2012-ci ildəki 3143,4 hektardan artırılaraq 2015-ci ildə 4013,4 hektara çatdırılmışdır. Ümumiyyətlə, 1996-cı ilə nisbətən 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında meyvə bağlarının ümumi sahəsi 4,6 dəfə, barverən meyvə bağlarının sahəsi 4,9 dəfə, meyvə istehsalı 71,6 dəfə, hektardan məhsuldarlıq 14,5 dəfədən çox artmışdır.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasında tingçiliyin inkişafına xüsusi diqqət yetirilmişdir. 2012-2015-ci illər ərzində muxtar respublika üzrə 751 hektar ərazidə 660 minə yaxın ting əkilmişdir. Muxtar respublikanın torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan uyğunlaşan meyvə sortlarından ibarət tingçilik sahələri yaradılmışdır. Şərur və Babək rayonlarında müxtəlif meyvələrin məhsuldar sortlarından ibarət tinglər yetişdirilmişdir. Culfa rayonunun Dizə kəndində tingçilik təsərrüfatı yaradılmış, Şahbuz rayonunda mövcud tingçilik təsərrüfatının fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. 2018-ci ildə püstə bağında 12 hektar sahədə 1250 dibçəkdə yetişdirilmiş püstə fidanı, 10 hektar sahədə isə püstə tingi vasitəsilə bərpa işləri aparılmışdır. 2019-cu ildə muxtar respublikanın rayonları üzrə meyvəçilik aşağıdakı kimi olmuşdur:

20200429_123931 (1)

Cədvəldən göründüyü kimi, 2019-cu ildə meyvə bağlarının 89,2 %-i barverən yaşda olmuşdur. Məhsulverən meyvə bağlarının ən çoxu Şərur rayonunun (1294,5 ha) payına düşür. Buna müvafiq olaraq muxtar respublikada istehsal olunan meyvənin çox hissəsi (38,9%-i) Şərur rayonundan tədarük edilmişdir. Rayonun meyvə bağlarında hektardan məhsuldarlıq ən yüksək göstərici (156,2 sentner) olaraq qeyd edilməklə muxtar respublikanın göstəricisindən 43,1 sentner çox olmuşdur. Şahbuz rayonunda barverən meyvə bağlarının sahəsi (759,4 ha) və bu bağlardan istehsal edilən məhsul (8026 ton) Şərur rayonu istisna olmaqla digərlərindən üstün göstəriciyə malikdir. Babək rayonunda meyvə bağlarının sahəsi nisbətən az (498 ha) olsa da, hektardan məhsuldarlıq yüksək (135,2 sentner) olmuşdur.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri demişdir: “…Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.
2019-cu ili “Ailə təsərrüfatları ili” elan etməklə muxtar respublika rəhbərliyi kənd təsərrüfatının mühüm sahələrindən biri olan meyvəçilikdə də uzaqgörәnliklә hәyata keçirdiyi davamlı vә kompleks islahatlar strategiyasını daha da dәrinlәşdirәrәk intensiv texnologiya istiqamətində perspektivli inkişaf yolunu müəyyən etmiş oldu. 2019-cu ildə meyvə bağlarının əkilməsilə məşğul olan ailə təsərrüfatlarının yaradılmasına köməklik edilmiş, təsərrüfat sahiblərinə pulsuz olaraq meyvə və meşə tingləri verilmiş, mütəxəssis dəstəyi göstərilmişdir. Yaradılan əlverişli şəraitin və göstərilən dövlət qayğısının nəticəsidir ki, yeni yaradılan 13 ailə təsərrüfatı tərəfindən ümumilikdə 19,8 ha (meyvə – 17,3 ha, üzüm – 2,5 ha) sahədə meyvə və üzüm bağları salınmışdır.
Uğurla icra edilən Dövlət Proqramları üzrə kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə əlaqədar muxtar respublikda kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan yeni müəssisələr yaradılmışdır. Dövlət Proqramlarında qarşıya qoyulmuş məqsədə çatmaq üçün məhsulun saxlanılması ilə bağlı 38 soyuducu anbar (ümumi tutumu 15 min 945 ton) fəaliyyət göstərir. Soyuducu anbarlar Naxçıvanın demək olar ki, bütün rayonlarında olduğundan və burada əsasən muxtar respublikada yetişdirilən meyvə çeşidləri saxlanıldığından meyvə istehsalçıları öz işlərini genişləndirir aqrar sahə daha da inkişaf edir, ixracı daha da artırmağa imkan yaranır.
Naxçıvanda kənd təsərrüfatı yeni iqtisadi münasibətlər və beynəlxalq inteqrasiya şəraitində meyvəçilik üzrə tədqiqatlar sisteminin inkişaf strategiyasının işlənib hazırlanmasında istinad nöqtəsi və bazis rolunu oynamaqla bu sahədə elmi-texniki fəaliyyətin planlaşdırılması, təşkili və əlaqələndirilməsinin mühüm istiqamətlərini əhatə edir. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Naxçıvan əhalisinin meyvə məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir. Bu baxımdan ənənəvi olaraq keçirilən festivallarda muxtar respublikamızın bölgələrindən gətirilmiş müxtəlif növ yerli meyvə məhsulları həm ailələrin bu sahəyə marağı, həm dövlətin bu sahəyə qayğısı kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, Naxçıvan meyvəçiliyinin nailiyyətləri onu göstərir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin həyata keçirdiyi uğurlu Heydər Əliyev siyasəti digər sahələrdə olduğu kimi muxtar respublikamızda meyvəçiliyin də davamlı inkişafını reallaşdırmışdır.

ORXAN BAĞIROV

AMEA Naxçıvan Bölməsi
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent