AMEA NAXÇIVAN BÖLMƏSİ İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTUNUN ONLAYN İCLASI KEÇİRİLİB

IMG-20200429-WA0023 (1)

Aprelin 29-da AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib.
İclası giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirmişdir ki, xüsusi karantin rejimi dövründə bölmənin digər elmi qurumları kimi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları da “Evdə qal” prinsipini əsas götürməklə Naxçıvanın ədəbi-mədəni mühitinin inkişaf tarixi və yetirmələri, bölgənin folkloru, onomastikası, dialekt və şivələri ilə bağlı tədqiqatlarını sistemli şəkildə davam etdirirlər. Əbülfəz Quliyev həm 2020-ci ilin ilk rübündə, həm də aprel ayı ərzində bu istiqamətlərdə görülmüş işlər, əldə olunmuş nəticələr barədə geniş məlumat vermişdir.
İnstitutun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli qarşıdakı aylarda keçiriləcək elmi konfranslara hazırlığın vəziyyəti, həmçinin əməkdaşların kütləvi informasiya vasitələrində elmi-kütləvi mövzularda çıxışları barədə müvafiq məlumatları diqqətə çatdırmışdır.
İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri, dosent Elxan Məmmədov, Dilçilik şöbəsinin müdiri, dosent Nuray Əliyeva, həmin şöbənin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova onlayn iclasda çıxış edərək xüsusi karantin rejimi dövründə gördükləri işlərdən, apardıqları tədqiqatlardan, nəşrə hazırladıqları əsərlərdən söz açmışlar.
İclasa yekun vuran institutun direktoru, AMEA-nın müxbir üzvü Ə.Quliyev qarşıda duran vəzifələri nəzərə çatdırmışdır.