AMEA NAXÇIVAN BÖLMƏSİNİN ƏMƏKDAŞI VİDEOKONFRANS KEÇİRİB

94979305_271545904239018_5378840745987801088_n (1)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev 29 aprel 2020-ci il tarixdə “Naxçıvanın Neolit və Eneolit abidələri” mövzusunda videokonfrans keçirmişdir.
Videokonfransa akademik Nailə Vəlixanlı, professor Tufan Axundov, professor Abbas Seyidov, professor Qafar Cəbiyev, ABŞ Pensilvaniya Universitetinin professoru Lauren Ristvet, Avstraliya Monah Universitetinin professoru Hilary Gopnik, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzindən dosent Katerine Maro, Təbriz Sənət Universitetinin professoru Bəhram Acarlu, Tehran Müdərris Universitetinin professoru Əlirza Hejebri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bütün bütün elmi işçiləri dəvət edilmişdi. Videokonfransda Naxçıvanın Neolit və Eneolit abidələrinin inkişaf xüsusiyyətləri, arxeoloji mədəniyyətlərin formalaşması haqqında məlumat verilmiş, həmçinin Azərbaycanın Respublikasının cənub bölgələri və İran Azərbaycanında Neolit və Eneolit dövründə formalaşan mədəniyyətlərin ümumi və xarakterik xüsusiyyətlərindən bəhs edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda keramikasız Neolit dövrünün aşkar olunmaması ehtimal ki, geniş arxeoloji tədqiqat işlərinin aparılmaması ilə bağlıdır. Lakin keramikalı Neolit dövrünün ən qədim mədəniyyətləri olan Kültəpə və Şomutəpə mədəniyyətləri Neolit dövrünün sonrakı inkişaf mərhələsinə müəyyən təsir etmiş Qarabağda özünəməxsus xüsusiyyətləri ilə fərqlənən bir mədəniyyət formalaşmış, bu mədəniyyət isə Azərbaycanda Eneolit mədəniyyətinin formalaşmasında müəyyən rol oynamışdır. Azərbaycanın Neolit və Eneolit mədəniyyətinin formalaşmasında, Şərqi Anadolu və Şimal-Qərbi İran (İran Azərbaycanı) ilə qarşılıqlı əlaqələrin müəyyən rolu olmuşdur. Videokonfransda akademik Nailə Vəlixanlı, professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Səfər Aşurov, Vəfa Mahmudova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun gənc arxeoloqları çıxış etmiş və suallar vermişlər. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev iştirakçıların suallarını cavablandırmış, Azərbaycanda arxeoloji tədqiqatların yeni istiqamətlərindən bəhs etmiş, konfrans iştirakçılarına uğurlar arzulamışdır.