Naxçıvan Bölməsinin Rəyasət Heyətinin onlayn iclası keçirilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin “Zoom” proqramı vasitəsilə onlayn iclası keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtılının tərcüməçilik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb.
Daha sonra Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı ötən dövrdə bu elmi müəssisədə görülən işləri iştirakçıların diqqətinə çatdırıb. O, bildirib ki, Naxçıvan Dövlət Universitetinin “Tarix”, “Tərcümə” (Fars-Azərbaycan dili), “Tərcümə” (Ərəb Azərbaycan dili), “Biologiya” və “Fizika” ixtisaslarının hamiliyə götürülən tələbələri bölmənin şöbə və laboratoriyalarında, o cümlədən “Arxeologiya və Etnoqrafiya” və Təbiət muzeyində olublar. Qeyd olunub ki, Bölmənin Rəyasət Heyətində tələbələrin iştirakı ilə 2 tədbir, institutlarda bir elmi konfrans, 10 elmi-praktiki seminar, 5 açıq dərs (pandemiya ilə əlaqədar olaraq biri onlayn şəkildə) keçirilib. Eyni zamanda aktual problemlərə dair diskusiyalar, müxtəlif mövzularda məşğələlər təşkil olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Mövzu ilə bağlı Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış ediblər.
Çıxışlar dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Bölmə rəhbəri institut direktorlarına müvafiq tapşırıqlar verib.
İclasın sonunda bir sıra elmi-təşkilati və cari məsələlərə baxılıb.