“Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın müzakirəsi keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Naxçıvanşünaslıq Mərkəzi ilə birlikdə “Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın onlayn müzakirəsini keçirib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Cavidlər ailəsinə göstərilən diqqət və qayğıdan danışıb. Ərtoğrol Cavidin 24 illik qısa ömür yoluna, ədəbi-bədii yaradıcılığına, rəssamlıq, folklorşünaslıq və musiqişünaslıq fəaliyyətinə nəzər salıb. Bildirilib ki, müstəqillik illərində muxtar respublikada Cavidlər ailəsinin şərəfinə Hüseyn Cavid məqbərəsi ucaldılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 19 oktyabr 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib, məktəbin maddi-texniki bazası yeni musiqi alətləri və digər tədris vasitələri ilə təchiz edilib.
Əbülfəz Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 18 aprel 2019-cu il tarixli “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamı xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanan Sərəncam da Cavidlər ailəsinə göstərilən dövlət qayğısının davamı və bariz nümunəsidir.
Alim sözügedən sərəncama əsasən Ərtoğrol Cavid irsinin öyrənilməsi ilə əlaqədar mədəni kütləvi tədbirlər, konfranslar keçirildiyini qeyd edib. O, Ali Məclisin dəstəyi ilə institutun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində işıq üzü görən məqalələr toplusunun ötən ilki sayının Ərtoğrol Cavidin 100 illiyinə həsr edildiyini deyib. Bildirilib ki, 14 fundamental araşdırmanın yer aldığı kitabda Ərtoğrol Cavidin çoxcəhətli parlaq yaradıcılığı əhatəli bir şəkildə işıqlandırılıb. Vəsaitdə Ərtoğrol Cavidlə bağlı fotoşəkillər, onun ailəsinə cəbhədən yazdığı məktublardan nümunələr də verilib.
Sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli “Ərtoğrol Cavidin bədii yaradıcılığı”, Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev “Müsiqişünas, folklorşünas Ərtoğrol Cavid”, institutun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Qərb və Şərqin qovşağında Ərtoğrol Cavid”, təsviri dekorativ və tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva “Ərtoğrol Cavidin təsviri sənət fəaliyyəti” mövzusunda məruzə ilə çıxış ediblər.