Beynəlxalq konqresdə “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzə edilib

Türkiyənin Şanlıurfa şəhərində “Göbəklitəpə Uluslararası Sosyal və Bəşəri Elmlər Konqresi” keçirilib.
Şanlıurfanın düşmən işğalından azad edilməsinin 100 illiyinə həsr olunan tədbir Harran Unversiteti və İktisad Unversitetinin birgə təşkilatçılığı ilə baş tutub. Zoom proqramı vasitəsilə bir çox ölkələrinin alim və mütəxəssislərin qatıldığı konqresdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzə ilə çıxış edib. Naxçıvanın qədim sənətkarlıq sahələrindən biri olan dulusçuluq haqqında məlumat verən alim məruzəsində muxtar respublika ərazidə Erkən Tunc dövrü abidələrindən aşkar olunan keramika məmulatlarının müqayisəsini aparıb. Toğrul Xəlilov Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Naxçıvanda bu mədəniyyətin formalaşması tarixinin qədim olduğunu qeyd edib.
Məruzə tədbir iştirkaçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.