“Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab işıq üzü görüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun layihə rəhbərliyi ilə “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab nəşr olunub.
Kitabın müəllifi, sənətşünas Nizami Alıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir. Azərbaycan, ingilis və rus dilində işıq üzü görən nəşrin ilk səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamı yer alıb.
Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətinin birinci dövründən etibarən tarixin daş yaddaşı olan Gəmiqayada tədqiqatlar aparılmışdır. Gəmiqaya təsvirlərinin sistemli şəkildə tədqiqinə yuxarıda qeyd olunan Sərəncamın imzalanmasından sonra başlanılıb. Sərəncama əsasən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademiyanın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin elmi heyətinin iştirakı ilə Gəmiqaya abidəsinə ekspedisiyalar təşkil edilib. 2005-ci ildə yerli və xarici ölkə alimlərinin də iştirak etdiyi beynəlxalq ekspedisiya zamanı Gəmiqaya təsvirlərinin tarixi və uzaq keçmişimizlə bağlı mühüm nəticələr əldə olunub. Gəmiqaya haqqında xeyli kitab və məqalə yazılmasına baxmayaraq bu rəsmlər indiyədək toplu halında nəşr edilməmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Gəmiqayadakı qayaüstü rəsmlərin mühafizə vəziyyətini gücləndirmək və rəsmlərin qeydiyyatını dəqiqləşdirmək məqsədilə 2016-cı ilin avqust ayında “Gəmiqaya ekspedisiyası” yaradılıb. AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mütəxəssislərdən ibarət heyətdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Naxçıvan Televiziyasının əməkdaşları da iştirak edib. Ekspedisiya üzvləri qayaüstü rəsmlərin 136 hektar ərazidə olduğunu müəyyənləşdirib, Aşağı Baca, Göllər, Qaranquş, Nazağa, Nuh-Nəbi yurdu və Qızgəlin çuxuru bölgələr üzrə 2040 daş üzərində 7422 təsvir qeydə alıb. Tədqiqatların nəticəsi ilk dəfə kompleks şəkildə burada nəşr olunub.
Kitabın müəllifi Nizami Alıyev bu illər ərzində aparılan araşdırma və əldə edilən yeniliklər ilə bağlı çoxlu sayda sanballı elmi əsərlər yazıb. “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental vəsait də Azərbaycan xalqının qədim tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.

777 001 (1)