“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans keçirilib

AMЕA Naxçıvan Bölməsində muxtar respublikanın ali təhsil müəssisələri, Naxçıvanşünaslıq Mərkəzi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev adına Hərbi Lisey və Heydər Əliyev adına tam orta məktəbin iştirakı ilə “Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib.
Daha sonra “Ümummilli lider müstəqil Azərbaycan dövlətinin xilaskarı” mövzusunda məruzə edən bölmə sədri 1990-cı ilin əvvəllərində ölkənin üzləşdiyi siyasi böhrandan söz açıb, ulu öndərin xilaskarlıq missiyasından geniş danışıb. Alim çıxışında bildirib ki, ötən əsrin 90-cı illərin əvvəllərində ölkədə mövcud ictimai-siyasi vəziyyət gərgin idi, bütün sahələrdə xaos, hərc-mərclik baş alıb gedirdi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdır. Məhz ağır ictimai-siyasi belə bir dövrdə bütün həyatını doğma Vətəni Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyev xalqın təkidi, tələbi və xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoydu.
Akademik İsmayıl Hacıyev Milli Qurtuluş Günündən başlanan ölkəmizin hərtərəfli və sürətli inkişafından, xarici siyasətdəki uğurlardan, vətəndaşların rahatçılığı naminə həyata keçirilən qlobal layihələrdən söz açıb. Vurğulayıb ki, Heydər Əliyevin milli maraqlar əsasında çoxşaxəli siyasəti Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməsi ilə yanaşı, ictimai-siyasi sabitlik, ərazi bütövlüyünü qorudu, ordu möhməmləndirildi. 1993-cü ildən sonra Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etdi, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdı, yeni iş yerləri yaradıldı, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edildi, ölkənin hər bir yerində tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirildi. Bütün sahələrlə yanaşı tarixə, mədəniyyətə, elm və təhsilin inkişafına da diqqət artırıldı.
İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının son illərdə bütün sahələrdəki yüksək inkişafı dahi öndər Heydər Əliyevin parlaq ideyasının təzahürüdür.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan tarixi məsələləri”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycanın təhsili” və “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Müasir tariximizin dönüş nöqtəsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Heydər Əliyev Muzeyinə virtual səyahət olub.