Naxçıvan Bölməsinin yarımillik elmi və elmi-təşkilati hesabatı olub

AMEA-nın Naxçıvan Bölməsində bu elmi qurumun 2020-ci il üzrə yarımillik elmi və elmi-təşkilati hesabatı keçirilib.
“Zoom” proqramı vasitəsilə keçirilən onlayn tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.
Daha sonra Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov yarım ildə bölmənin elmi qurumlarında aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb. O, bildirib ki, təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 38 iş 23 şöbə, 9 labоratоriya və bir elmi-tədqiqat qrupunda yerinə yetirilib.
Qeyd olunub ki, tədqiqat dövründə Bölmə əməkdaşlarının 7 monoqrafiyası, 5 kitabı, bir metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı, 3 tezisi olmaqla 360 elmi əsəri çap olunub. Bir xəritə tərtib edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 52 məqalə, 47 konfrans materialı xaricidə nəşr olunub. Məqalələrin 3-ü Clarivate Analytics, 10-u impakt faktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 213-ü beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda işıq üzü görüb. Bölmədə 2 seriya üzrə “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının bir nömrəsi çapdan çıxıb, 2-ci nömrəsi isə çapa hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılan İşçi Qrupu layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görüb. Diqqətə çatdırılıb ki, Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb, obyektlər barədə kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib.
Tədqiqat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına müvafiq olaraq 53 elmi dərəcəli əməkdaş yanvar və fevral aylarında muxtar respublikanın 33 ümumtəhsil məktəbində 8 fənn üzrə nümunəvi dərs deyib. Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərslərdə məruzə ilə çıxış ediblər. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri və s. keçirilib.
Bundan əlavə, Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib. Cari ildə 6 əməkdaşın rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib, əldə etdikləri nailiyyətlərə görə də diplom və medallar qazanıblar.
Vurğulanıb ki, bu dövrdə 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələr qurulub, səmərəli əməkdaşlıq edilib. Bölmənin əməkdaşları respublikada və xaricdə keçirilən 12 beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər. Bundan əlavə, bölmədə yerinə yetirilən 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib. Əməkdaşlar açıq dünya ensiklopediyası olan vikipediyada 12 yeni məqalə, 10 yeni şablon yaradıb və 40-dan çox məqalə üzərində redaktə işləri aparıblar.
Orxan Bağırov istehsal yönümlü tədqiqatlar və onların nəticəsindən də danışaraq bildirib ki, bölmədə Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibləri müəyyən edilib, yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində işlər isə davam etdirilir.
Həmçinin Bölmənin Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq 120 litrə qədər gülab istehsal edilib. Laboratoriyanın imkanlarından istifadə etməklə çaytikanı, kəklikotu, yovşan, razyana, çöl nanəsi, üzərlik yağları, sarı çiçəkdən həm rəng, həm də toxumundan yağ, o cümlədən itburnu doşabı, müxtəlif çeşidli mürəbbələr və kompotlar istehsal etmək nəzərdə tutulub.
Tədbirdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab ediblər.
Sonra bölmədə il ərzində həyata keçirilməsi planlaşdırılan məsələlər müzakirə edilib.