Assirioloqların fikirinə görə Naxçıvanda aşkar olunan mixi yazılar Urartu yazıları deyil.

  Assirioloqların fikirinə görə Naxçıvanda aşkar olunan mixi yazılar Urartu yazıları deyil.  22.12.2009

 

    

Həmyerlilərimizlə yanaşı bir sıra ölkələrdən gəlmiş mütəxəssislərin yaxından iştirakı ilə hər il olduğu kimi bu ildə tariximizin hərtərəfli öyrənilməsinin ən əsas mənbəyi olan qədim arxeoloji abidələrimizdə tədqiqat işləri davam etdirilmişdir. Regionun bir çox qədim yaşayış yerlərində ekspedisiya qruplarına AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya Institutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü V.Baxşəliyev rəhbərlik etmişdir. Onun rəhbərliyilə ABŞ Pensilvaniya, Emori, Utah Universitetləri və Fransa Beynəlxalq Araşdırma Mərkəzi əməkdaşları bölgənin Ovçulartəpəsi, Duzdağ, Oğlanqala və digər abidələrini arxeoloji qazıntılar,  Şərur ərazisini isə kəşfiyyat xarakterli araşdırmalarla öyrənmişlər.

Azərbaycan və ABŞ beynəlxalq arxeoloji ekspedisiyası Şərur rayonunun ərazisində yerləşən, dünya əhəmiyyətli Oğlanqala yaşayış yerində artıq  2 ildir ki, tədqiqat işlərinə başlayıb. Ekspedisiya qrupu bu il arxeoloji araşdırmaları genişləndirərək 1600 kv.m sahədə tədqiqat aparıb.

Tədqiqatlar zamanı aşkar olunmuş mixi yazıların dünyanın ən məhşur assirioloqları PaulZimanski, Eckart Frahm, Paul Delnoro, Mirjo Salvini tərəfindən oxunması nəticəsində məlum olmuşdur ki, tapılan yazılar Urartu yazıları deyil. Bu yazılar indiyədək mövcud olan qədim dillərin heç birinə uyğun gəlmir. Müəyyər edilmişdir ki, Oğlanqala yaşayış yeri Urartu qalası olmamışdır. Urartunun qonşuluğunda yerləşən müstəqil dövlətin paytaxtı olan Oğlanqala yaşayış yeri Qədim Şərqin bir sıra ölkələri ilə, o cümlədən Urartu ilə iqtisadi, mədəni əlaqələr saxlamış və eradan əvvəl I minillikdə Şərq ölkələrində yayılmış yazı və hesab sistemi və digər mədəni naliyyətləri mənimsəmişdir.

Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qədim imperiyaların, o cümlədən Assuriya, Urartu və Əhmənilərin sərhəddində yerləşən Oğlanqala və Cənubi Azərbaycanın digər qalaları xarici işğalçılara qarşı mübarizə aparmış, müstəqilliyini qoruyub saxlamışdır.