AMEA Naxçıvan Bölməsi ötən illərlə müqayisədə 2009-cu ildə elmi-təşkilati işlərində bir çox uğurlu naliyyətlər əldə edib.

AMEA Naxçıvan Bölməsinin 7 illik fəaliyyətinin başa çatması ilə əlaqədar ənənəvi ümumi yığıncağı bölmənin sədri, akademik Ismayıl Hacıyev açıb. Akademik hesabat ilində AMEA Naxçıvan Bölməsi Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyasının verdiyi qərar və sərəncamları layiqincə yerinə yetirməyə çalışdığını və bu il də AMEA Naxçıvan Bölməsinin elmi müəssisələrində tədqiqatlar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş proqramlar üzrə aparıldığı barəsində ətraflı məlumat verib. Ilk əvvəl qeyd edib ki,2009-cu ildə AMEA Naxçıvan Bölməsində görülmüş işlər, qazanılmış müvəffəqiyyətlər bilavastə bölməyə göstərilən diqqət və qayğı ilə bağlıdır. Muxtar Respublika rəhbərliyi, AMEA-nın prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın sədri və bir sıra elm və təhsil müəssisələrinin rəhbərləri hesabat ilində də bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi potensialının inkişaf etdirilməsində öz diqqət və qayğısını əsirgəməmişlər. O da qeyd olunub ki, hesabat ilində müəssisənin inzibati binası üzlənmiş, ayrı-ayrı struktur bölmələrə 10 ədəd komputer və komputer avadanlıqları alınmış, Ordubad rayonu Aşağı Əylis kəndində Bioresurslar Institutunun «Biokimyəvi tədqiqatlar laboratoriyası» üçün inzibati bina tikilib.

2009-cu il elmi-tədqiqat işləri ilə 2 nəfər akademik, 5 nəfər müxbir üzv, 6 nəfər elmlər doktoru, 28 nəfər elmlər namizədi, 18 nəfər aspirant, 24 nəfər dissertant olmaqla  94 elmi işçi və 6 elmi-tədqiqat institutunda 20 şöbə, 8 laboratoriya tədqiqat işləri ilə məşqul olub.

Bu il bölmə əməkdaşlarının 611 elmi əsəri, o cümlədən 14 kitabı, 7 monoqrafiyası, 2 metodik vəsaiti, 6 bukleti, 2 xəritəsi, 553 məqaləsi, 24 tezisi  nəşr edilmişdir ki, bunlardan 1 kitab, 126 məqalə, 11 tezis xaricdə çapdan çıxmışdır. Tədqiqat ilində əməkdaşlar 3 patent almışlar.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya Institutunda hesabat ilində Azərbaycan tarixinin tərkib hissəsi olmaq etibarilə Naxçıvan tarixinin müxtəlif dövr və problemlərinə dair tədqiqatlar aparılmış, AMEA-nın müxbir üzvü V.Baxşəliyevin rəhbərliyi altında ABŞ Pensilvaniya, Emori, Utah Universitetləri və Fransa Beynəlxalq Araşdırma Mərkəzi əməkdaşları ilə birgə Ovçulartəpəsi, Duzdağ və Oğlanqalada arxeoloji qazıntılar və Şərur ərazisində kəşfiyyat xarakterli araşdırmalar aparılmışdır. Etnoqrafik araşdırmalar zamanı hər mərhələyə uyğun olaraq əvvəlki illərdə toplanmış etnoqrafik- çöl materialları sistemləşdirilmişdir. Milli mətbəxin tədqiqi üçün sorğu tərtib edilmişdir. Ordubad, Şərur və Sədərək bölgələrinə ekspedisiyalar təşkil edilmiş, milli yeməklər və içkilərlə bağlı materiallar toplanılaraq ilkin formada sistemləşdirilmiş, müəyyən müqayisələr aparılmışdır. Eyni zamanda Naxçıvanın ənənəvi təsərrüfatında əkinçilik məsələsi araşdırılmış, suvarma və dəmyə əkinçilik sistemləri, onunla bağlı təqvim adət və ənənələri öyrənilmişdir. Araşdırmalarda islamaqədərki qəbir adidələrindən aşkar olunmuş bəzək əşyaları ilə bağlı inamlar tədqiq edilərək digər türk xalqları ilə qarşılıqlı müqayisələr aparılmışdır.

Hesabat ilində erməni alimlərinin ənənəvi saxta tarixçilik metodologiyası çərçivəsində Naxçıvanla bağlı iddiaları araşdırılmışdır.

Bölmənin Incəsənət, Dil və Ədəbiyyat Institutunda 2009-cu il Naxçıvanda ədəbi mühitin görkəmli şair və yazıçılarının, rəssamlıq, musiqi və teatr kimi incəsənətin sahələrinin, eləcə də dilçilik və folklorun öyrənilməsi ilə bağlı geniş araşdırmalar aparılmışdır. Tədqiqatlar zamanı 1920-1950-ci illərdə Naxçıvanda yaşayıb-yaratmış rəssamların həyatı və onların yaradıcılıqlarındaməişət janrı sistemli şəkildə araşdırılımışdır. Tədqiqat işində Naxçıvan rəssamlarınınyaradıcılığındakı məişət janrı təsviri incəsənətin ayrı-ayrı növləri üzrə öyrənilmişdir. Bu məqsədlə nəşr olunmuş kitablar, jurnal məqalələri, respublikamızda və respublikamızdan kənar sərgilərdə iştirak etmiş rəssamların kataloqları və ayrı-ayrı rəsm qalareyaları, muzey və şəxsi kolleksiyalarda saxlanılan rəsm əsərləri haqqında məlumatlar və materiallar toplanılmışdır. Toplanılan materiallar araşdırılaraq sistemləşdirilmiş və tədqiqat işində öz əksini tapmışdır. Naxçıvan teatrının 1884-1968, musiqi mədəniyyətinin inkişafının 1951-1968-cı illərinə dair toplanan tarixi sənədlər araşdırılmış, sistemləşdirilmiş və tədqiq olunmuşdur.

O da qeyd olunub ki, plandan əlavə olaraq Naxçıvan MR Ali Məclisinin göstərişinə əsasən «Azərbaycan toy mahnıları» kitabı, «Naxçıvanın tarixi atlası» və «Naxçıvan folkloru antologiyası» hazırlanıb nəşriyyata təqdim olunmuş, «Naxçıvan folkloru atlası»nın, «Naxçıvanın milli mətbəxi» və «Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan» kitabının hazırlanması üzərindəişlər davam etdirilmişdir.

Təbii Ehtiyatlar Institutu, Bioresurslar Institutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasının da uğurlarını sadalayan akademik I. Hacıyev 6 elmi-tədqiqat institututun elmi-tədqiqat işləri çərçivəsində bir çox xarici elmi-tədqiqat müəsisələri ilə elmi əlaqələrini davam etdirdiyini və bölmə əməkdaşın bir neçəsi fəxri fərman və fəxri adlarla mükafatlandırıldığını qeyd edib.

Belə ki, hesabat dövründə akad. I.M.Hacıyev «Əməkdar elm xadimi» fəxri adına və Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüş, Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun rəmzi mükafatını almışdır. Müxbir üzv H.Q.Qədirzadə «Tərəqqi» medalı, t.e.d. H.Y.Səfərli AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmiş, akademik I.Həbibbəyli «Şərəf» ordeninə, AMEA-nın Fəxri Fərmanına, Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunin rəmzi mükafatına, müxbir üzv Ə.Quliyev isə Azərbaycan Respublikasının «Əməkdar müəllim» fəxri adına layiq görülmüşlər. Həmçinin müxbir üzv Ə.Quliyev Türk dünyasının elm və mədəniyyətinə, f.e.d. M.Cəfərli Türk dünyasının folkloruna xidmət ödülləri ilə mükafatlandırılmış, müxbir üzv Ə.Quliyev Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir. Bunlarla yanaşı müxbir üzv T.H.Talıbov «Əməkdar elm xadimi» fəxri adına, b.e.n. I.B.Məmmədov Türkiyə Fırat Universitetinin təşkil etdiyi V Ulusal reproduksiyon və süni toxumlama konqresinin juri özəl ödülünə layiq görülmüşlər.

Yığıncaqda Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, akademik Isa Həbibbəyli, Tarix, Etnoqrafiya və Arxeologiya Institutunun direktoru, t.e.d., professor Hacıfəxrəddin Səfərli, Incəsənət, Dil və Ədəbiyyat  Institutu direktoru, AMEA-nın müxbir üzv Əbülfəz Quliyev, Bioresurslar Institutunun direktoru, AMEA-nın müxbir üzvü, b.e.d., prof. Tariyel Talıbov, Təbii Ehtiyatlar Institutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov çıxış ediblər. Çıxış edənlər yaranan nöqsanların aradan qaldırılması istiqamətində mühüm işlərin görülməsi üçün bundan sonra da səy göstərəcəklərini bildirərək bölmə əməkdaşlarına uğurlar arzulayıblar.

Daha sonra 2009-cu il ərzində elmi-tədqiqat işlərində daha üstün uğurlarına görə bölmənin iki nəfəri, Tarix, Etnoqrafiya və Arxeologiya Institutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev və Bioresurslar Institutunun «Bitki sistematikası» şöbəsinin müdiri, b.e.d  Əliyar Ibrahimov  «ilin alimi» fəxri adına layiq görülüb.

Ümumi yığıncağa yekun vuran bölmənin sədri Ismayıl Hacıyev hər bir əməkdaş qarşıya qoyulan vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirmyə səy göstərməli olduğunu qeyd edib.