Yeni abidələr aşkar olunub.

Vəkil bəndi  Qurd dağı

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi yaxınlığında Enolit, Erkən Tunc, Orta Tunc, Dəmir Dövrü və Orta əsrlərə aid yeni abidələr aşkar olunub.

Yeni abidələr bu günlərdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev tərəfindən aparılan kəşfiyyat xarakterli araşdırmalar zamanı qeydə alınıb.

Sözügedən ərazidə qeydə alınan abidələr arasında Enolit dövrünə aid keramika nümunələri xüsusilə Şimali Mesopotamiya mədəniyyətilə bağlı olan boyalı qablar əsasən diqqəti cəlb etdir. Qeyd edək ki, keramika məmulatının bir qismi Proto-Kür-Araz mədəniyyətinə aiddir. Qaratəpə, Sürümçək, Qurddağ, Göyxəndək, Vəkil bəndi və digər abidələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, bu ərazidə müxtəlif dövrlərdə, xüsusilə Orta Tunc dövründə uzunmüddətli yaşayış olub. Yeni araşdırmalar zamanı həmçinin Orta Tunc dövrünə aid xeyli keramika məmulatı, kromlex tipli qəbir abidələri, qala tipli yaşayış yerləri aşkar olunaraq tədqiq edilmişdir.

Məlumat üçün onu da qeyd edək ki, aşkar olunan abidələrin Naxçıvanın qədim mədəniyyətlərinin formalaşması və Yaxın Şərq ölkələri ilə əlaqələrinin öyrənməsi baxımından əhəmiyyəti olduqca böyükdür. Ərazidə kəşfiyyat xarakterli araşdırmalar davam etdirilir.