Naxçıvan Kür-Araz mədəniyyətinin vətənidir.

2006-cı ildən başlayaraq həmyerlilərimizlə yanaşı ABŞ Pensilvaniya, Emori və Fransa Beynəlxalq Araşdırma Mərkəzinin əməkdaşları AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyevin rəhbərliyilə qədim arxeoloji abidələrimizdə tədqiqat işləri aparırlar.
Ekspedisiya qrupu bu il Şərur rayonunun Ovçulartəpəsində 600 kv.m sahədə arxeoloji tədqiqat işləri aparmış, qədim yaşayış yerindən Son Eneolit və Erkən Tunc dövrünə aid maddi mədəniyyət nümunələri, o cümlədən keramika, daş məmulatı, tunc baltalar, kömür qalıqları, heyvan sümükləri və botaniki qalıqlar aşkar etmişlər.
Tədqiqat zamanı Ovçulartəpəsində aşkar olunmuş kömür qalıqları ilə bağlı bu günlərdə yeni nəticələr əldə olunub. Belə ki, İtaliyanın Del Salento Universitetinin laboratoriyasında aparılan analizlər nəticəsində məlum olmuşdur ki, Eneolit və Kür-Araz mədəniyyətinin qovuşduğu təbəqədən tapılan kömür qalıqları eramızdan əvvəl V minilliyin sonu IV minilliyin əvvəllərinə aiddir. AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyevin verdiyi məlumata görə bu olduqca mühüm nəticədir. Çünki Kür-Araz mədəniyyətinin meydana gəlməsi və formalaşması ilə bağlı məsələlərin uzun illərdən bəri tədqiqatçiları düşündürməsinə baxmayaraq Yaxın Şərq və Ön Asiyanın Kür-Araz mədəniyyəti abidələrinin tarixi eradan əvvəl IV minilliyin ortalarından qədimə getmir. Buna görə də uzun illərdir ki, Kür-Araz mədəniyyətinin meydana gəlməsi eradan əvvəl IV minilliyin ortalarına aid edilir. Kür-Araz mədəniyyətinin harada meydana gəlməsi məsələsi də indiyədək mübahisə obyekti idi. Yeni nəticələr Naxçıvanın onu əhatə edən ərazi ilə birlikdə Kür-Araz mədəniyyətinin vətəni olduğunu təsdiq edir.