Ubeyd mədəniyyəti ilə bağlı yeni faktlar aşkar olunub.

Yaxın Şərq mədəniyyətini tədqiq edən bir sıra tədqiqatçılar Mesopotamiyada yayılan Ubeyd mədəniyyətini türkdilli xalqlara aid etmiş və bu mədəniyyətin Cənubi Qafqaz ərazisinə yayılmasını türklərlə bağlamışlar. Son iki ildə aparılan araşdırmalar zamanı Ubeyd mədəniyyəti ilə bağlı yeni faktlar aşkar edilmişdir.

Bu günlədə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Vəli Baxşəliyevin araşdırmaları zamanı Şərur rayon Tarix-Diyarşünaslıq muzeyindən bir ədəd Ubeyd tipli boyalı kasa aşkar olunub. Naxışlar qabın cilalanmış səthinə qırmızı boya ilə çəkilib və onlar kasanın ağzının kənarına çəkilən enli zolaqdan ayrılan şüaşəkilli ornamentlərdən ibarətdir. V. Baxşəliyevin sözlərinə görə bu tip naxışlama Ubeyd mədəniyyəti üçün xarakterik olub onun müxtəlif mərhələlərində istifadə edilmişdir.

Məlumat üçün qeyd edək ki, Ubeyd mədəniyyətinin təsirinə bu il Naxçıvan ərazisində aparılan araşdırmalar zamanı Ovçulartəpəsində və Uçan Ağıl yaşayış yerində də rastlanmışdır. Ovçulartəpəsindən aşkar edilən keramika parçası qırmızı rənglə naxışlanmış və bu naxışlar birbaşa qabın boyanmamış səthinə çəkilmişdir. Onlar şaquli xətlər arasına alınmış düz xətlər və birləşik üçbucaqlardan ibarətdir. Araşdırmalar bu keramika parçasının idxal edilmiş gil qaba aid olduğunu göstərir. Ubeyd tipli idxal mallarına Uçan Ağıl yaşayış yerində də rastlanmışdır. Qabların biri içəridən digəri isə xaricdən qəhvəyi rənglə çəkilmiş xətlərlə naxışlanmışdır. Qabların biri paralel xətlər arasına alınmış bitişik ştrixlənmiş üçbucaqlarla əhatə edilmişdir. Onu da qeyd edək ki, bu motivlər müəyyən dəyişikliklərlə Orta Tunc dövründə istifadə olunmuşdur. AMEA-nın müxbir üzvü, Vəli Baxşəliyevin verdiyi məlumata əsasən yeni faktlar Naxçıvan ərazisində Eneolit mədəniyyətinin müəyyən müddət davam etdiyini və bu mədəniyyətin sonradan Orta Tunc dövrü mədəniyyətinin əsasını təşkil etdiyini göstərir.