“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabı nəşr olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun baş məsləhətçiliyi ilə akademik İsmayıl Hacıyevin tərtib etdiyi Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan əlaqələrinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı kitab bu günlərdə geniş oxucu kütləsinin ixtiyarına verilib.
Nəfis tərtibatla nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyət göstərdiyi dövrdə Naxçıvanın ictimai-siyasi vəziyyətindən, habelə Ermənistanın Naxçıvana hücumlarından, regiona köçürülən ermənilərin yerli əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səylərindən bəhs olunur.
Kitabda XX yüzilliyin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan üçün çətin inkişaf dövrü olduğundan söz açılır. Göstərilir ki, çətin və mürəkkəb mərhələlərdən keçən Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılması, Naxçıvanın statusu qazanması bu bölgədə 1918-1920-ci illərdə cəryan edən proseslərin, onlara təsir edən daxili və xarici amillərin, regionun geosiyasi vəziyyətinin və bəzi beynəlxalq müqavilələrin sayəsində oldu. Qeyd edək ki, bu dövrlərdə Naxçıvan bölgəsində ikihakimiyyətlilik meydana gəlməsi, bir sıra iri kapitalist dövlətlər yaranmış mürəkkəb vəziyyətdən istifadə etməsi və Erməni daşnaqları bölgəni „Böyük Ermənistan”a qatmaq üçün fasiləsiz basqınlar etməsi yeni nəşrdə geniş şəkildə öz əksini tapıb. Eyni zamanda göstərilir ki, istər Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə, istərsə də ondan sonrakı dövrlərdə Naxçıvan diyarının əhalisi bütün bunlara mərdliklə sinə gərmiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu bölgə uğurunda mubarizə aparmışlar. Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri, qətiyyətli mövqeyi ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı planlarını alt-üst etdi, Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars müqavilələri reallaşdırdı. Bu müqavilələr beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit etməsi və bu status bölgənin sonrakı tarixi taleyində onun ərazisinin qorunub saxlanılması və təhlükəsizliyində çox böyük rol oynadığı dolğun bir şəkildə oxuculara çatdırılır.
Məlumat üçün onu da qeyd edək ki, 383 səhifədən ibarət olan yeni nəşrdə arxiv sənədlərindən mövzu ilə bağlı ayrı-ayrı tədqiqat əsərlərindən, yerli tədqiqatçıların bu barədə yazdıqları məqalələrdən, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi yazışmalarından istifadə olunub. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan əlaqələri ilk dəfə olaraq öz əksini tapdığı kitabda faktlara həddindən artıq dərəcədə məsuliyyətlə və dəqiqliklə yanaşılması, şəkillərin, arxiv sənədlərin, xəritələrin yer alması yeni nəşrin elmi dəyərini daha da artırıb.