Aşağı Daşarx kitabı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, t.e.d. Abbas Seyidovun birgə hazırladıqları “Aşağı Daşarx” adlı monoqrafiya bu günlərdə işıq üzü görüb.

Akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu ilə nəşr edilən kitabda ərazisi çox qədim tarixə malik olan Şərur rayonunun Aşağı Daşarx qədim yaşayış yerinin tədqiqinə həsr olunub. Monoqrafiyada İlk tunc dövrü yaşayış yerlərindən olan Aşağı Daşarx qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib, Kür-Araz mədəniyyəti ilə bağlı məsələlər araşdırılmış və bu mədəniyyətin qonşu ölkələrlə qarşılıqlı əlaqələri göstərilmişdir.

Tədqiqatçılar, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş monoqrafiya ön söz, giriş, üç bölmədən, nəticə və istifadə edilən ədəbiyyat siyahısından ibarətdir. Qeyd edək ki, “Aşağı Daşarx qədim yaşayış yerinin tədqiqi”, “Təsərrüfat”, “Erkən Tunc Dövrü mədəniyyətinin genezisi və xronologiyası” adlı başlıqlar qədim yaşayış yerinin bəzi qaranlıq səhifələrini ətraflı şəkildə işıqlandırır. Qədim yaşayış yerinin tarixinin öyrənilməsi sahəsində böyük rol oynayan 185 səhifədən ibarət olan monoqrafiyada foto şəkillər və qrafiq təsvirlər də verilib. Monoqrafiyada ilk dəfə olaraq Kür-Araz mədəniyyətinin dördmərhələli xarakteristikası verilmiş, Kür-Araz mədəniyyətinin e.ə. V minilliyin sonunda formalaşdığı göstərilmişdir.

Məlumat üçün onu da qeyd edək ki, monoqrafiya üç dildə-Azərbaycan, rus və ingilis dillərində çap olunub.