“Naxçıvan: ilk yaşayış yeri və şəhərsalma yeri kimi” Beynəlxalq simpоziumun materialları ayrıca kitabkimi nəşr olunub.

Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin təşəbbüsü ilə iyulun 20-24-də Naxçıvan şəhərində keçirilən “Naxçıvan: ilk yaşayış yeri və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpоziumun materialları ayrıca kitab kimi nəşr olunub.

Bu günlərdə “Əcəmi” nəşriyyatında nəfis bir tərtibatda çap olunan yeni nəşrin ilk səhifələrində Naxçıvan MR Ali Məclis Sədrinin ““Naxçıvan: ilk yaşayış yeri və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq simpоziumun keçirilməsi haqqında” 07 iyun 2011-cı ildə imzaladığı sərəncam əks olunub. Bununla yanaşı kitabda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun simpoziumun açılış mərasimindəki çıxışı verilib.

Azərbaycanın və Türkiyənin, ABŞ-ın, Fransanın, Rusiyanın nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin Naxçıvanla bağlı hərtərəfli və geniş elmi məqalələri “Mündəricat”, “Naxçıvan diyarı bəşər sivilizasiyasının ilk beşiklərindən biri kimi”, “Naxçıvan: ilkin şəhər mədəniyyətinin yarandığı yer”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvan mədəniyyəti və əlaqələri” bölmələrində nəşr olunub.

Naxçıvanın qədim tarixinə ümumi nəzər salan, bu sahədə uzun illər aparılmış araşdırmalardan bəhs edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudovun, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyevin, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı, dossent-doktor Catherine Marronun, Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin əməkdaşları, dossent-doktor Lauren Ristvetin, Hilary Gopnikin, Türkiyənin İstanbul Universitetinin professoru, tarix elmləri doktoru Oktay Bəllinin, Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko və digər elm adamlarının elmi məqalələri yeni nəşrdə dolğunluğu ilə öz əksini tapıb.

Elmi məqalələrdə qədim və zəngin tarixi olan Naxçıvanın zəngin tarixi abidələri, eləcə də muxtar respublika rəhbərliyinin danılmaz xidmətləri işiqlandırılır. Eyni zamanda simpozium materialları regionun ümumi tarixini dolğun bir şəkildə oxucularına çatdırır.

“Naxçıvan: ən qədim yaşayış məskəni”, “Naxçıvanın ilkin şəhər mədəniyyəti”, “Naxçıvanda ilk yaşayış yerləri və ilkin şəhər mədəniyyəti”, “Naxçıvanda ilkin şəhərsalma tarixinə kompleks yanaşma”, “Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar”, “Oğlanqalada Azərbaycan-Amerika qazıntıları (2010-2011-ci illər)”, “Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti” və bu kimi 40-dan artıq oxunaqlı məqalə “Naxçıvan: ilk yaşayış yeri və şəhərsalma yeri kimi” adlı 397 səhifəlik kitabda geniş oxucu kütləsinə təqdim olunub.