Akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası çapdan çıxıb.

AMEA Naxçıvan Bölməsinin sədri, əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası çapdan çıxıb. Geniş oxucu kütləsinə təqdim edilən 191 səhifədən ibarət olan yeni nəşr giriş, iki fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

Monoqrafiyada ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törədikləri soyqırım və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkirli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilmişdir.

Müəllif arxiv sənədləri, dövrü mətbuat materialları, habelə bir çox tədqiqatçıların əsərlərinə müraciət edərək Azərbaycan xalqına qarşı soyqırım siyasəti yeridən, etnik təmizləmə aparan ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığını, ümumiyyətlə erməni millətçiləri və havadarlarının xalqımıza qarşı törətdikləri çirkin əməllərininin xronoloji təhlilini vermiş, eyni zamanda Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səylərini ümumiləşdirmişdir.

Kitabın ilk fəsli “Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti” adlanır. Burada bu gün də öz tarixini müəyyənləşdirə bilməməklə yanaşı başqa dövlətlərin tarixini oğurlayaraq özlərinə saxta bir tarix formalaşdıran ermənilər çox qədim tarixi keçmişə sahib olan Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etmələrindən, Ermənistanın Azərbaycan хalqına qarşı apardığı məqsədyönlü siyasətin və хalqımız tərəfindən heç zaman unudulmayacaq faciələrin ayrı-ayrı aspektlərinə toхunulub.

Göstərilib ki, çar Rusiyasının, sonralar isə Sovetlər Birliyinin himayəsindən istifadə edən ermənilər “böyük Ermənistan” хülyasını həyata keçirmək üçün Cənubi Qafqazda iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmələrini qarşılarına məqsəd qoyaraq müntəzəm surətdə hiylə, məkr, хəyanət, tеrror vasitələri ilə dünya tariхində analoqu olmayan və ağla sığmaz formada qanlı hadisələr törədib.

Yeni nəşrin “Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər” adlı ilk bölməsində xalqımıza qarşı törədilən qırğınların uzun illər gizli saxlanıldığını, lakin müstəqillik qazandıqdan sonra uzun illər gizli saхlanılan, üzərinə qadağalar qoyulan həqiqətlərin açılmasında, cinayətkar erməni quldurlarının Azərbaycan хalqına qarşı törətdikləri soyqırım faciələrinin bir daha təkrar olunmaması, bu tariхi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin 18 dekabr 1997–ci il tarixli “1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı tariхi fərmanlar xüsisi qeyd edilmiş və bu fərmanlarların Azərbaycanın gələcəyi üçün tarixi əhəmiyyəti göstərilmişdir.

Bir çox mühüm sənədlərilə Azərbaycanın XV əsrin ortalarından XX əsrin sonlarına olan bir dövrü ümumiləşdirilən kitabda qeyd olunur ki, “XV əsrin ortalarından başlayaraq Cənubi Qafqaza gələn ermənilər tədricən burada məskunlaşmış və dövlətlərini yaratmaq üçün hər cür vasitəyə əl atmışar. XIX əsrin əvvəllərində çar Rusiyasının Cənubi Qafqazı işğal etmək siyasətində erməni kartından istifadə edilmiş və onları rus işğallarının maraqlarının istifadəçisinə çevrilmişdir”. Göstərilir ki, “erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımın və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdır. Bu məqsədlə xalqımıza qarşı terror, soyqırım siyasəti həyata keçirilmiş, dəhşətli cinayətlərə əl atılmışdır”.

1905-1907, 1918-1920, 1948-1953 və 1988-1992-ci illər ermənilər tərəfindən хalqının başına gətirilən deportasiya və soyqırım faciələri Azərbaycan tarixinin ən çətin səhifələrindəndir. Bu illərdə Naxçıvanda baş verən hadisələr monoqrafiyanın II fəslində “Erməni daşnaqlarının Naxçıvana qarşı ərazi iddiaları və Naxçıvan əhalisinin soyqırıma məruz qalması” başlıq altında tədqiq olunur. Burada   Naxçıvanın etnik tarixi, erməni uydurmaları və tarixi həqiqətlər, Naxçıvan əhalisinin soyqırıma məruz qalması ətraflı bir şəkildə verilmişdir ki, bu da II fəslin başlıca mövzusunu təşkil edir. Bu fəsildə tarixi faktlara sökənilərək göstərilir ki, Naxçıvan qədim Azərbaycan torpağıdır və yerkürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir.

Müəllifin dili ilə desək Ermənilərin iddiasında olduqları Naxçıvan ərazisi tarixən azərbaycanlılara məxsus olmuş, burada türk dilli xalqlar yaşamış, minlərlə maddi-mədəniyyət nümunələri yaratmışlar…

Hiyləgər ermənilərin xalqımızın başına gətirdiyi ağır faciələrə nəzər salan və bu günkü oxucuya XX əsr proseslərini arxiv sənədləri vastəsilə açıq və aydın şəkildə izah edən yeni nəşrdə ermənilərin mərhələlərlə azərbaycanlılara qarşı qırğınları da öz əksini tapır. Eyni zamanda göstərilir ki, bütün dövrlərdə Naxçıvan diyarının əhalisi yaşanan bütün qanlı hadisələrə mərdliklə sinə gərmiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu bölgə uğurunda mübarizə aparmışlar. Qeyd edilir ki, Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri, qətiyyətli mövqeyi ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı planlarını alt-üst etdi, Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Qars müqaviləsi  reallaşdırdı. Bu müqavilə beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit etməsi və bu status bölgənin sonrakı tarixi taleyində onun ərazisinin qorunub saxlanılması və təhlükəsizliyində çox böyük rol oynadığı dolğun bir şəkildə yeni nəşrin oxucusuna çatdırılır.

II fəslin son bölmələrinin birində Naxçıvanın itirilmiş torpaqlarına və Naxçıvanla bağlı bir xəritəyə nəzər salmışdır. Göstərilir ki, Naxçıvan qədim dövlətlərin tərkibində olanda da Azərbaycandan ayrı olmamış, bu dövlətlərin ən inkişaf etmiş əyalətlərindən biri olmuşdur. Ərazidə Naxçıvanşahlıq, Azərbaycan Atabəyləri dövləti, Naxçıvan xanlığı, Araz-Türk Respublikası kimi dövlət qurumları mövcud olmuşdur.

Qeyd edək ki, Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müxtəlif dövrlərinin tarixini özündə əks etdirən monoqrafiyada Azərbaycan Respublikası Mərkəzi Dövlər Arxivindən, AR Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivindən və Naxçıvan Muxtar Respublikası Dövlər Arxivindən əldə olunmuş mühüm tarixi sənədlərin verilməsi, faktlara həddindən artıq dərəcədə məsuliyyətlə və dəqiqliklə yanaşılması, Naxçıvanla bağlı 1924-cü ilə aid olan bir xəritənin yer alması bu günkü və gələcək nəsillər üçün əvəzsiz xidməti olan yeni nəşrin elmi dəyərini daha da artırıb.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları məsələsinə həsr edilmiş və Azərbaycan, o cümlədən Naxçıvan tarixşünaslığında özünəməxsus yeri olan monoqrafiya bu gün dəyərli bir mənbə olmaqla yanaşı, həmdə gələcək tədqiqatlar üçün də əhəmiyyətli elmi istiqamətdir.