Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Tariyel Talıbov və həmin institutun biologiya elmləri üzrə fəlsəfə doktoru, dossent Varis Quliyevin birgə nəşr etdikləri “Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası” adlı fundamental kitab bu günlərdə geniş oxucu kütləsinə təqdim olunub.

Kitabda muxtar respublika ərazisində üzüm genefondunda olan müxtəlif növ və sortlar barədə ətraflı məlumatlar toplanılıb. Nəşrdə üzümçülüyün inkişaf tarixi, Naxçıvan üzümçülüyün müasir vəziyyəti, sort müxtəlifliyinin araşdırılması, üzümçülüyün inkişafı üçün yararlı torpaq sahələri, üzüm tənəyinə təsir edən ekoloji amillər, genefondun tərkibi, yabanı üzüm sortları haqqında məlumatlar, onların bioloji xüsusiyyətləri, becərilməsi, eyni zamanda mühafizə üçün müvafiq tədbirlər, məlumat mənbələri öz əksini tapıb.

Muxtar respublika ərazisində üzüm genefondunda olan ayrı-ayrı növ və sortlar barəsində, onun botaniki təsviri, aqrobioloji və texnoloji xüsusiyyətləri, cədvəllər vastəsilə əsas fenoloji fazaların gedişi, məsuldarlıq göstəriciləri, eyni zamanda morfoloji əlamətləri və irsi əlamətlərin təzahürü göstərilmiş, üzüm sortlarının xəstəliklərə, ziyanvericilərə və şaxtalara dözümlülüyü, habelə istifadə edilən məhsulun xüsusiyyətlərinin vеrilməsinə çalışılmış və buna da uğurla nail оlunmuşdur.

Muxtar respublika ərazisində üzüm genefondunda olan növ və sortları ayrı-ayrılıqda tanıtmaq məqsədilə təbiətdə çəkilmiş rəngli, orijinal fotoşəkillərlə yanaşı, ən çox becərilən üzüm sortlarının yayıldığı ərazilərə dair bilgilər də yeni nəşrdə yer alıb. Ərazidə olan nadir bitkilərin elmi əsaslarla öyrənilməsi, səmərəli və davamlı istifadə olunması, qorunub saxlanılması  üçün əvəzsiz xidməti olan “Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası”nın nəşri şübhəsiz ki, hər bir kəsin dərin marağına səbəb olacaq, kənd təsərrüfatı ilə məşğul olanların stolüstü kitabına çeviriləcək.