“Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” adlı monoqrafiya işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Ramiz Qasımlının müəllifi olduğu “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” adlı monoqrafiya nəşr olunmuşdur. Monoqrafiyada Azərbaycanın ədəbiyyat tarixində, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlər olan böyük demokrat yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin geniş yaradıcılığının özünəməxsusluğundan, ədibin ictimai-tarixi şəraiti, dövrü, mühiti, o dövr insanların sosial vəziyyəti, cəmiyyətdəki mövqeyi, azadlıq və əsarəti, onun həmişəyaşar əsərlərindəki “kiçik” adamların talehlərindən bəhs olunur.

“Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan monoqrafiya ön söz, giriş və üç bölmədən, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin rəyi, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin elmi redaktorluğu ilə işıq üzü görən yeni nəşrin ilk səhifəsində ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadə yaradıcılığı ilə bağlı fikirləri öz əksini tapıb.

“Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam problemi”, “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam probleminin sosial mahiyyəti”, “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazının mənəvi-psixoloji aləmi” adlı bölmələrdə böyük demokrat ədibin qələmə aldığı “Danabaş kəndinin əhvalatları” “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Anamın kitabı” və digər əsərləri müəllif tərəfindən elmi cəhətdən təhlil edilir, “kiçik” adam obrazında olan insanların hər birinə xas qəhrəmanlıqlarından söhbət açılır. Yeni nəşrdə həmçinin görkəmli ədibin yaşadığı dövrün ən vacib məsələlərinin öz əksini tapdığı və “kiçik” adam obrazlarının yer aldığı əsərlərindən nümunələr gətirilib, əsərlərin mövzusu, janr xüsusiyyətləri, vətənpərvərlik motivləri, sadə adamların vətənə məhəbbəti yığcam və ümumiləşdirilmiş bir şəkildə şərh edilib, zəngin materiallar əsasında Mirzə Cəlil yaradıcılığı qiymətləndirilib.

“Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” adlı yeni monoqrafiya dəyərli nəşrlərdən olub müəllimlər, ali məktəb tələbələri, elmi-tədqiqatçılar və əbəbiyyatçılar üçün nəzərdə tutulub.