“Xəbərlər” jurnalının yeni sayı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında dərc edilən“Xəbərlər” jurnalının bu ilə olan üçüncü nömrəsi işıq üzü görüb.

Elm və təhsil müəssisələrində çalışan əməkdaşların elmi-tədqiqat materialları əsasında ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan jurnalın növbəti sayında ictimai və humanitar elmlərin bütün sahəsini əhatə edən elmi məqalələr öz əksini tapıb.

AMEA Naxçıvan Bölməsində, habelə digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların elmi-tədqiqat materiallarıjurnalın Tarix, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Folklor və Ədəbiyyat, İncəsənət, İqtisadiyyat bölmələrində işıqlandırılıb. Jurnalın bu dəfəki sayında da ənənəyə uyğun olaraq Naxçıvanın tarixi, arxeolojiyası, mədəniyyəti, incəsənəti, iqtisadi və sosial inkişafı ilə əlaqədar elmi materiallar dərc olunub.

“Xəbərlər”in yeni sayında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru t.e.d., prof. Hacıfəxrəddin Səfərlinin, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və digər elm adamlarının müxtəlif mövzularda elmi məqalələri toplanılıb.

Jurnalın növbəti sayında “Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradılması”, “Naxçıvan Muxtar Respublikasında “milli dəyərlər ili” haqqında qeydlər”, “Orta Tunc dövrünə aid yeni tapıntılar”, “Ordubad bölgəsində aşkar olunmuş yeni arxeoloji abidələr”, “AMEA Naxçıvan Bölməsi Əlyazmalar fondunda saxlanılan naxçıvanlı müəlliflərin əlyazmaları haqqında”, “Naxçıvan folklor nümunələrində duzla bağlı bəzi məsəllər”, “Naxçıvan Muxtar Respublikasında aqrar sektorda məşğulluğun inkişaf istiqamətləri” və digər mövzuları əhatə edən məqalələr öz əksini tapıb.