Həmyerlimizin Almaniyada monoqrafiyası işıq üzü görüb.

Yunancadan tərcümədə “qaynar” və ya “qaynayan daşlar” deyilən seolitlər demək olar ki, 250 il bundan əvvəl İsveç tədqiqatçısı Kronşted tərəfindən aşkar edilmiş və XX əsrin əvvəllərinə qədər bu faydalı qazıntılara ciddi diqqət yetirilməmişdir. Lakin bu günün heyvandarlıq, quşçuluq, bitkiçilik sahəsində seolitlərin sənaye inkişafının reanimasiyası üçün, seolit istifadəçilərinin kənd təsərrüfatı müəssisələri ilə bütün növ əlaqələrinin bərpa olunması əsas məqsədlərdən biridir. Əsas məsələlərdən biri də, ətraf mühitin heyvandarlıq kompleksinin tullantılarından qorunması və mal-qara təsərrüfatlarının mikroiqliminin yaxşılaşdırılmasıdır. Təsadüfi deyil ki, bəzi ekspertlər XXI əsri “seolitlər əsri”də adlandırırlar.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədovanın bu günlərdə Almaniyanın Saarbrüken şəhərində ingilis dilində seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən və sintezindən bəhs edən“Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi” adlı monoqrafiyası işıq üzü görüb.

Alümosilikatlar – qalluazit, kaolinit, antiqorit, dolomit, obsidian əsasında seolitlərin sintezinə həsr olunan monoqrafiyada müxtəlif quruluş tipli seolitlərin – massit, offretit, ferrerit, analsim, mordenit, şabazit, amisit, fillipsit, seolit-F, erionit, lomontit, jismondin hidrotermal sintezi barəsində ətraflı məlumat verilir. Eyni zamanda seolitlərin tətbiq sahəsi müxtəlif və çox geniş olduğu qeyd olunaraq sənaye sahəsində, kənd təsərrüfatında, tibbdə, tikintidə və digər sahələrdə geniş yayıldığı göstərilir.

Qeyd edək ki, müəllifin sayca ikinci kitabı olan yeni nəşrdə aparılan tədqiqatların bir hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşmişdir.