“Qazi Mustafa Kamalın dostu İbrahim Əbilov” adlı kitab türk dilinə tərcümə edililərək işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Əbülfəz Quliyev və yazıçı-jurnalist Akif Axundovun müəllifi olduqları “Qazi Mustafa Kamalın dostu İbrahim Əbilov” adlı kitab bu günlərdə doktor Yusif Gedikli tərəfindən türk dilinə tərcümə edilərək Türkiyənin Ankara şəhərinin Kültür və Turizm Nazirliyinin nəşriyyatında işıq üzü görüb.

Mustafa Kamal Atatürkün anımının 75 iliyinə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 iliyinə, Atatürkün yaxın dostu İbrahim Əbilovun ölümünün 90 iliyinə və ümumillikdə bütün türk millətinə hədiyyə olunan kitabda türk tarixində, taleyində, diplomatiya və dövlət quruculuğu sahələrinin inkişafında mühüm rol oynayan görkəmli şəxsiyyətlərdən bəhs edilir. Ədəbi bir üslubda yazılmış tarixi əsər olan nəşrdə Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın dostu və Ankara şəhərində səfir vəzifəsini icra edən İbrahim Əbilovun (Məhərrəmoviç) Türkiyədə olduğu 1 il 4 ay 11 gün müddətində türkçülüyə xidmət etməsindən, ümummilikdə Atatürkün başçılığı ilə cümhuriyyətin elanından əvvəl gerçəkləşən Qurtuluş Savaşında böyük köməklikləri olan Azərbaycan türklərinin şəxsi talelərindən, onların fəaliyyətlərindən danışılır. Burada İbrahim Əbilov və ona yaxından dəstək olan Nəriman Nərimanov, Kazım Qarabəkir Paşa, Abasqulu bəy Şadlınski, Behbud ağa Şahtaxtinski, Məhəmmədağa Şahtaxtinski, habelə Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və digərləri haqqında məlumatlar toplanılıb, eyni zamanda Araz Türk Respublikası, Gümrü, Moskva, Qars müqavilələri, Genuya konfransı, Lozanna beynəlxalq konfransı və başqa tarixi müqavilələr, beynəlxaq konfranslar barəsində qeydlər öz əksini tapır.

Müəlliflər görkəmli türk oğullarının, onların silahdaşlarının ictimai-siyasi fəaliyyətlərinə tarixi materiallar vastəsilə müraciət edir, bədii-publistik qeydlər aparır, hər birinə xas qəhrəmanlıq şücəatlərindən söhbət açırlar. Ölkənin inkişafı istiqamətində mühüm xidmətləri olan vətənpərvər, cəsur türk oğullarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan uğrunda aparılan mübarizədəki rolları barədə ərtaflı məlumat verilir.

168 səhifədən ibarət nəşrdə Mustafa Kamal Atatürkə, İbrahim Əbilova, Nəriman Nərimanova və başqalarına aid müxtəlif vaxtlarda çəkilmiş foto-şəkillər də öz əksini tapıb.

AMEA-nın müxbir üzvi Əbülfəz Quliyev və və yazıçı-jurnalist Akif Axundovun yüksək elm-nəzəri səviyyəsi ilə seçilən “Qazi Mustafa Kamalın dostu İbrahim Əbilov” (bədii-publistik qeydlər) adlı kitab dəyərli nəşrlərdən olub, görkəmli türk oğlulları ilə yaxından maraqlananlar və Türk Qurtuluş Savaşının tarixini yenidən yazanlar üçün qiymətli vasaitdir.