“Naxçıvanın görkəmli şəxsiyyətləri: Hinduşah Naxçıvani” adlı elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində keçirilmiş konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb, görkəmli alimin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Qeyd edilib ki, Fəxrəddin Hinduşah Naxçıvani XIII-XIV əsrlərdə yaşamış azərbaycanlı tarixçi, dövlət xadimi, siyasət nəzəriyyəçisi, filoloq və ədibdir. “Əs-Sihah əl-Əcəmiyyə” adlı farsca-azərbaycanca lüğət müəl­lifi olan Hinduşah Naxçıvaninin adıçəkilən əsəri elmə məlum olan ilk fars və Azərbaycan dillərinin lüğəti kimi qiymətləndirilir. 21 bab, 393 fəsildən ibarət olan bu lüğət 3 hissədən – “Müqəddimə” (ərəb dilində), “Lüğət” və “Fars dilinin qrammatikası”ndan (ərəb dilində) ibarətdir.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Görkəmli elm adamı Fəxrəddin Hinduşah Naxçıvaninin dövrü və mühiti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Fəxrəddin Hinduşah Naxçıvaninin həyat və yaradıcılığı”, həmin institutun elmi işçisi Nərgiz İsmayılova “Fəxrəddin və Şəmsəddin Naxçıvanilərin həyat və yaradıcılığının öyrənilməsi məsələləri”, bölmənin Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov “Şəmsəddin ibn Hinduşah Naxçıvaninin həyat və yaradıcılığı” mövzularında çıxışlar ediblər.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

Nərgiz İSMAYILOVA