Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Türklər” çoxcildliyinin təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Yeni Türkiyə Araşdırma və Yayın Mərkəzinin ərsəyə gətirdiyi “Türklər” çoxcildliyinin təqdimat mərasimi keçirilmişdir. Mərasimi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq kitab haqqında təssüratlarını bildirmişdir. Akademik bu kitabın əhəmiyyətindən danışmış, çoxcildliyi türk tarixinə dair orijinal mənbə olaraq qiymətləndirmişdir. Həmçinin qeyd etmişdir ki, bu əsərdə keçmişdən günümüzə əcdadlarımızın- türklərin tarixini, mədəniyyətini, adət-ənənələrini, incəsənətini öyrənmək mümkündür.

Tədbirdə ilk olaraq AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev  “Ümumi Türk tarixinə işıq tutan sanballı əsər: Türklər” çıxışı ilə kitab haqqında genişsəpkili məlumat vermişdir: “Türklər” adlı əsərdə tarixdən günümüzə türklərin qurduqları dövlətlər və imperiyalarla yanaşı, ayrı-ayrılıqda halhazırda mövcud olan türk respublikalarının tarixi haqqında da məlumatlar tapmaq mümkündür. Bu əsərdə Azərbaycanın, hətta Naxçıvanın tarixinə də geniş yer verilmişdir”- deyən tədqiqatçı türk tarixinə dair maraqlı faktlarla çıxış etmişdir.

Tədbirdə AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və AMEA NB tarix, Etnoqrafiya və Arxeologiya institunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə çıxış edərək kitab haqqında bir çox məsələlərə diqqət çəkmişlər.

Qeyd edək ki, kitabda AMEA Naxçıvan Bölməsinin tarixçilərinin də məqalələri yer alıb.

 Naxçıvan haqda geniş məlumatın verildiyi mənbədə Naxçıvan buzxanası, məscidlər, hamamlarla yanaşı, Naxçıvan sancağı, Osmanlıların Naxçıvana səfəri, Naxçıvan xanlığı, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Dövlət Universiteti, Ali Məclis və naxçıvanlılara aid məlumatlar əsərin I, III, IV, V,VI,VII cildlərində öz əksini tapmışdır.

Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etdi ki, kitab həm tədqiqatçılar, həm də türklərlə bağlı faktlarla maraqlananlar üçün qiymətli mənbə rolunu oynayacaq.

Nərgiz İSMAYILOVA