AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 60 illik yubileyi qeyd olunub.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 60 yaşı tamam olmuşdur. Bu münasibətlə AMEA Naxçıvan Bölməsində yubiley tədbiri keçirilmişdir.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Vəli Baxşəliyevin keçdiyi ömür yolundan, onun Azərbaycan arxeologiyasının inkişafındakı xidmətlərindən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, Vəli Baxşəliyev 200-dən çox elmi əsərin, 30 monoqrafiyanın, 50-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Alimin məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbov Vəli Baxşəliyevi Ali Məclisin Fəxri Fərmanı ilə təltif etmişdir. Əli Həsənov alimi 60 illik yubileyi münasibətilə Ali Məclisin Sədri adından təbrik etmiş və ona Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim etmişdir.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya

İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva Vəli Baxşəliyevin ömür yolu, elmi və pedaqoji fəaliyyəti barədə məruzə etmişdir.

Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayev çıxış edərək Vəli Baxşəliyevin elmi fəaliyyətini yüksək qiymətləndirmiş və ona gələcək işlərində uğurlar arzulamışlar.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev ona göstərilən böyük qayğıya və elmi fəaliyyətinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını ifadə etmişdir.

 

Nərgiz İSMAYILOVA