Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas oldu, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoydu. Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 15 İyun- Milli Qurtuluş Gününə həsr olunan 66-cı məşğələsində səsləndirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. O zaman ölkəyə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səriştəsizliyi ağır nəticələrə gətirib çıxarmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüş, gənc müstəqil dövlətimiz dünyada təklənmişdi. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. “1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev gərgin situasiyada yaşayan Bakıya getdi. On minlərlə insan Bakı hava limanına axışaraq öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi: ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi”, -deyən İsmayıl Hacıyev qeyd edib ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər gördü. Vurğulanıb ki, ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

 

Nərgiz İSMAYILOVA