Arxeoloqlar hesabat verdi.

     A11999985_1493368027643232_76749661_nMEA Naxçıvan Bölməsində Xaraba-Gilan arxeoloji ekspedisyasının Naxçıvan MR Ordubad rayonu ərazisində, 2015-ci ildə apardığı arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib.

          Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində keçirilmiş hesabat iclasını giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlarla bağlı geniş məlumat verərək muxtar respublikanın tarixinin öyrənilməsi ilə bağlı məqsədyönlü tədbirlərin görüldüyünü deyib. O bildirib ki, “AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Xaraba-Gilan arxeoloji ekspedisyası 2015-ci ildə Plovdağ arxeoloji abidələr kompleksində (İkinci nekropolda), Dəlmə qalasında və Xaraba-Gilan orta əsrlər şəhər yerində arxeoloji qazıntı işləri aparmış və tarixi əhəmiyyət daşıyan bir çox məlumatlar əldə edilmişdir. Qazıntı işlərində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da yaxından iştirak etmişlər”.

              İclasda ekspedisyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli çıxış edərək əldə olunan yeniliklər haqqında geniş məlumat vermişdir.

          11995679_1493372310976137_810784664_nQeyd edilmişdir ki, İkinci Plovdağ nekropolunda II və V qazıntı sahələrində tədqiqatlar davam etdirilmişdir. II qazıntı sahəsində -100 kv.m sahədə 50-70 sm orta tunc dövrü mədəni təbəqəsi altında fərdi yaşayış evi, plitə daşlardan qurulmuş dördbucaqlı uşaq qəbri və təssərrüfat quyusu aşkar edilmişdir.

            Ekspedisyanın tədqiq etdiyi ikinci abidə ilk orta əsrlər dövrünə aid Dəlmə qalasıdır. Buradakı tədqiqat işləri başa çatdırılmış və qalanın qərb divarından 30 m aşağıda, qala yerləşən dağın ətəyində iki kürə tədqiq olunmuşdur.

            Tədqiq olunan üçüncü abidə isə orta əsrlərə aid Xaraba-Gilan şəhər yeridir. Burada bir çox şirli, şirsiz gil qablar, təsərrüfat küpləri və əksəriyyəti Hülakilər dövrünə aid olan mis sikkələr tapılmışdır.

            Tədbirdə slayd şou nümayiş etirilmişdir. Həmçinin tədqiqatçılar iclasda iştirak edənlərin suallarını cavablandırmışlar.

           İclasa yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əldə olunan qiymətli arxeolojik məlumatların Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib.

                                                                                                                                            Nərgiz İSMAYILOVA