“Naxçıvan tarixi” çoxcildliyinin nəşri Azərbaycan elminə və ictimai fikir tarixinə mühüm töhfədir.

Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və elmi-mədəni həyatında ötən il baş verən çox mühüm, əhəmiyyətli və yaddaqalan  hadisələrdən biri də “Naxçıvan tarixi” çoxcildliyinin III cildinin işıq üzü görməsi, bununla da, bu möhtəşəm əsərin nəşrinin başa çatdırılmasıdır. Naxçıvanın tarixi haqqında gerçək və ümumiləşdirici əsərin  yazılması ideyası ilk dəfə 11-12 iyul 1996-cı ildə Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən irəli sürülmüş, Naxçıvanın yeni istiqamətdə, milli ruhda, gerçək mənbələr əsasında, milli mənafe əsas götürülməklə əsl tarixinin yazılması tədqiqatçılar qarşısında bir vəzifə kimi qoyulmuş və vurğulanmışdır ki, “Bizə görə “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumunun materialları ən yaxın dövrdə yazılacaq Naxçıvan tarixinin proqramı, necə deyərlər, eskizi, layihəsi, ilkin variantı, bəlkə də əsas istiqamətləri olacaqdır”.

Ancaq qarşıya qoyulan bu vəzifənin uğurlu həllinə nail olmaq üçün həmin vaxt bütün Azərbaycan Respublikasında olduğu kimi, ağır və çətin günlərini yaşayan Naxçıvan Muxtar Respublikasında da lazımi şərait yox idi. Ən başlıcası, əvvəlki dövrlərdə aparılan tədqiqatlar, əldə olunan elmi nəticələr belə bir möhtəşəm nəşrin yazılması üçün kifayət etmirdi.

Ona görə də bu çatışmazlıqları və maneələri aradan qaldırmaq üçün Naxçıvan tarixinin ən qədim zamanlardan müasir dövrədək müxtəlif problemlərinin tədqiqi ilə əlaqədar aparılan işlər yüksək dövlət qayğısı sayəsində genişləndirilmiş, aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Muxtar respublika ərazisindəki tarix-mədəniyyət abidələri pasportlaşdırılmış, bu abidələr əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanmışdır. Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji tədqiqatlar genişləndirilmiş, yerli tədqiqatçıların iştirakı ilə 10-a yaxın arxeoloji ekspedisiya, həmçinin ABŞ və Fransa arxeoloqlarının iştirakı ilə iki beynəlxalq ekspedisiya, 2013-cü ildən Ali Məclis Sədrinin dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası fəaliyyət göstərməyə başlamışdır. Naxçıvan Muxtar Respublikasının müxtəlif yerlərində, o cümlədən Gəmiqayada, Ovçular təpəsində, Oğlanqalada, Ərəbyengicədə, Duzdağda, I Kültəpədə, Xarabagilanda və başqa yerlərdə aparılan arxeoloji tədqiqatlar sübut etdi ki, Naxçıvan bölgəsi Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Aparılan son tədqiqatlar göstərdi ki, Naxçıvanda insanlar ən qədim zamanlardan – Ovçular təpəsində 500-300 min il, Qazma mağarasında 120 min il bundan əvvəl yaşamış, bölgə ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuş, əsası bir yaşayış məskəni kimi daha əvvəllər qoyulmuş Naxçıvan 5000 il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır. Yüksək inkişaf yolu keçən Naxçıvan bölgəsi “Eneolit mədəniyyəti”nin, “Kür-Araz mədəniyyəti”nin və “Boyalı qablar mədəniyyəti”nin yarandığı mərkəzə çevrilmişdir.
Naxçıvanın orta əsrlər, yeni və ən yeni dövr tarixinə aid də geniş tədqiqatlar aparılmışdır. Tədqiqatların nəticələri əsasında çoxlu monoqrafiyalar və məqalələr yazılmışdır. Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, epiqrafikası, numizmatikası və sair ilə əlaqədar elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuş, tarix elminin müxtəlif sahələri ilə məşğul olan yüksəkixtisaslı kadrlar hazırlanmışdır.
Tariximizin müxtəlif problemləri ilə əlaqədar Naxçıvan şəhərində keçirilən respublika və beynəlxalq miqyaslı yığıncaqlarda, o cümlədən, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan ilkin şəhər və Duzdağ”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzularında keçirilən simpoziumlarda Naxçıvan tarixi ilə əlaqədar çoxlu sayda məruzələr dinlənilərək müzakirə olunmuş, əldə olunan nəticələr təhlil edilmiş, bundan sonra qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, həmin elmi məclislərin materialları ayrıca kitab şəklində nəşr olunmuşdur.
Keçən müddət ərzində Naxçıvan Muxtar Respublikasında elm sahəsində sistemli və ardıcıl şəkildə aparılan işlər öz uğurlu nəticəsini vermiş, Naxçıvan tarixinin müxtəlif problemlərinin həllini özündə əks etdirən böyük elmi xəzinə yaradılmışdır. Məhz əldə olunan bu nailiyyətləri bir yerə toplamaq, sistemləşdirmək, qoruyub saxlamaq, yaymaq, təbliğ etmək, mükafatlandırılması ilə əlaqədar təkliflər vermək, onların arxivini və fondunu yaratmaq, müvafiq qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, aparılan tədqiqatları koordinasiya etmək, alimlərin arasında sıx əməkdaşlığın yaradılmasına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
Beləliklə, yaradılan münbit şərait çoxlu sayda əsərlərin yazılmasına gətirib çıxarmışdır. Ancaq bu əsərlər Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvan tarixinin ayrı-ayrı problemlərinə həsr olunmuşlar və bütövlükdə, bölgə tarixi haqqında ümumi təsəvvür yarada bilmirlər. İndiyədək bu boşluğu aradan qaldıra bilən, Naxçıvan tarixinin bütün dövrlərini və problemlərini özündə sistemli şəkildə əks etdirən akademik nəşr işıq üzü görməmişdi. Muxtar respublikanın hərtərəfli inkişafı belə bir əsərin nəşr olunmasını aktual bir məsələ kimi qarşıya qoymuşdu. Ermənilərin Naxçıvan bölgəsinə ərazi iddialarının gücləndiyi hazırkı dövrdə bölgə tarixi ilə bağlı erməni alimlərinin beynəlxalq elmi ictimaiyyəti Naxçıvan tarixi ilə əlaqədar saxtakarlıqla dolu kitab və məqalələri, yalan informasiyaları ilə aldatmaları Naxçıvan bölgəsinin gerçək, obyektiv tarixinin yazılmasının aktuallığını daha da artırırdı. Ona görə də Naxçıvan tarixi ilə əlaqədar aparılan bütün tədqiqatların sistemləşdirilməsi və tarixi həqiqətlərin obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması üçün sanballı ümumiləşdirici əsərin yaradılmasına böyük ehtiyac var idi.
Məhz bütün bunları, xüsusilə yaradılmış elmi bazanın “Naxçıvan tarixi” çoxcildliyi kimi möhtəşəm və fundamental nəşrin ­hazırlanmasına imkan verəcəyini, eyni zamanda muxtar respublikada hazırlanan kadr potensialının bu nəşrin hazırlanmasının öhdəsindən gələ biləcəyini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 6 avqust 2012-ci ildə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncam imzalamışdır. Sərəncamın imzalanmasından sonra, 15 yanvar 2013-cü ildə 2012-2015-ci illərdə nəşr olunması nəzərdə tutulan “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşri ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, belə bir fundamental əsərin yazılmasında yalnız etibarlı mənbələr və öz elmi təsdiqini tapmış nəticələrə istinad edilməsi tövsiyə olunmuşdur. Elmin son nailiyyətləri, xüsusilə son 10 ildə aparılan tədqiqatların nəticələri əsasında yazılmış çoxcildliyin 2013-cü ildə I cildi, 2014-cü ildə II cildi, 2015-ci ildə isə III cildi hazırlanaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə çap edilmişdir.
Naxçıvanın ən qədim zamanlardan başlayaraq müasir dövrədək tarixini əhatə edən çoxcildliyin I cildində Naxçıvan bölgəsinin təbii-coğrafi şəraitindən, ən qədim zamanlardan – Daş dövründən başlayaraq Erkən Dəmir dövrünə qədər keçdiyi inkişaf yolundan, e.ə. IX-II əsrlərdə bölgədə baş verən hadisələrdən söhbət açılır. Qeyd edilir ki, Naxçıvan heç bir vaxt Urartu dövlətinin tabeliyinə düşməmiş, eramızdan əvvəl IV – b.e. III əsrlərində mövcud olan Atropatena dövlətinin tərkibində olmuşdur. Cilddə həmçinin Naxçıvan əhalisinin etnogenezi məsələləri, əhalinin ərazidə yaşayan müxtəlif türk tayfalarının əsasında formalaşması əsaslandırılır, islamaqədərki dövrdə bir sıra türk tayfalarının bu ərazilərə gəlməsindən, bölgədə baş verən ictimai-siyasi proseslərdən, ərəb işğalından, bu zaman Naxçıvanın mühüm inzibati mərkəz kimi mövqeyindən bəhs olunur. I cilddə, həmçinin Naxçıvanın Azərbaycanın feodal dövlətlərinin tərkibində olması, bölgədə yaranan Naxçıvanşahlıq adlı kiçik dövlət qurumu, Azərbaycan dövlətçilik tarixində çox mühüm yeri olan Azərbaycan Atabəyləri dövləti, onun mərkəzini təşkil edən Naxçıvanın vəziyyəti işıqlandırılmış, təxminən, 30 il bu dövlətin paytaxtı olan Naxçıvan şəhəri və bəhs olunan dövrdə onun inkişafından söhbət açılmışdır. Monqolların Naxçıvan ərazisinə yürüşləri, ərazinin Hülakülər, Çobanilər, Cəlairilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olarkən vəziyyəti, Naxçıvan əhalisinin Toxtamışın və Əmir Teymurun qoşunlarına qarşı mübarizəsi də I cilddə araşdırılan məsələlərdəndir.
Kitabda Naxçıvanın Azərbaycan Səfəvilər dövlətinin tərkibində olan zamankı tarixindən bəhs olunmuş, qeyd edilmişdir ki, Səfəvilər dövlətinin tarix səhnəsinə çıxması ilə başlanan Səfəvi-Osmanlı müharibələri zamanı bölgə dəfələrlə döyüş meydanına çevrilmiş, böyük dağıntılara məruz qalmışdır. Bütün bu zərərlərə baxmayaraq, istər Səfəvilər dövründə, istərsə də onu əvəz edən Əfşarlar dövləti zamanında bölgə müəyyən inkişaf yolu keçmiş, kənd təsərrüfatı, sənətkarlıq, ticarət, şəhərlər inkişaf etmiş, mədəni nailiyyətlər qazanılmışdır.
Çoxcildliyin II cildində Naxçıvan xanlığının yaranmasından II Dünya müharibəsinədək olan dövrün tarixi öz əksini tapmışdır. Burada Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan Naxçıvan xanlığının yaranması və keçdiyi yol, idarə sistemi, qonşu ölkələrlə münasibətləri, sosial-iqtisadi həyatı və sair yeni arxiv materialları əsasında ətraflı işlənmiş, I və II Rusiya-İran müharibələrinə, Naxçıvan xanlığının Rusiya tərəfindən işğalına ayrıca yer ayrılmışdır. Naxçıvan xanlığının Rusiyaya birləşdirilməsindən sonra buradakı sosial-siyasi vəziyyət, ermənilərin bu ərazilərdə yerləşdirilməsi, XIX yüzillik boyu davam edən köçürmənin nəticələri, həmçinin bölgənin təsərrüfat həyatı, aqrar münasibətlər, həyata keçirilən islahatlar, çarizmin müstəmləkə siyasətinə qarşı baş verən kəndli çıxışları, kapitalist münasibətlərinin inkişafı öz obyektiv təhlilini tapmışdır.
İkinci cilddə Naxçıvanın XX əsrin əvvəllərindəki sosial-siyasi vəziyyəti, I Dünya müharibəsi və onun Naxçıvana təsiri, ermənilərin Naxçıvanda törətdiyi soyqırımlar, Araz-Türk Respublikası, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri, iri dövlətlərin Naxçıvanla bağlı siyasətləri və sair məsələlər öz uğurlu əksini tapmışdır. Naxçıvanda sovet hakimiyyətinin qurulması, Moskva və Qars müqavilələri, Naxçıvan Muxtar Respublikasının yaradılması, muxtar respublikanın 1924-cü ildə qəbul olunmuş Əsasnaməsi, 1926 və 1937-ci il konstitusiyalarının qəbul olunması və onların mahiyyəti peşəkarlıqla təhlil edilmişdir. Naxçıvanda sənayenin vəziyyəti, kollektivləşdirmə sahəsində həyata keçirilən tədbirlər, sovet hakimiyyətinə qarşı baş verən üsyanlar da bu cilddə tədqiqat obyektinə çevrilmişdir.
Çoxcildliyin III cildində naxçıvanlıların İkinci Dünya müharibəsinin döyüş cəbhələrində, partizan hərəkatında iştirakı, arxa cəbhədə fəaliyyəti, müharibədən sonrakı bərpa illərində və XX yüzilliyin 50-60-cı illərində müharibənin törətdiyi çətinliklərin aradan qaldırılması, sənayenin, kənd təsərrüfatının və mədəniyyətin inkişaf etdirilməsi sahəsindəki fəaliyyətlərindən bəhs edilmişdir.
Məlumdur ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə aparılan məqsədyönlü işlər sayəsində ölkə iqtisadiyyatı durğunluqdan xilas olmuş və respublikanın hərtərəfli inkişafında dönüş mərhələsi başlanmışdır. Azərbaycan SSRİ-yə daxil olan 15 müttəfiq respublika içərisində inkişaf səviyyəsinə görə axırıncı yerlərdən ön cərgəyə çıxmışdır. Sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət yüksək dərəcədə inkişaf etdirilmişdir. Məhz buna görə də çoxcildlikdə 70-80-ci illərdə ölkənin keçdiyi yol ətraflı işıqlandırılmışdır.
Azərbaycan tarixşünaslığında bəzən “itiril­miş illər” kimi xarakterizə olunan 1991-1993-cü illərə həsr olunmuş “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)” fəslində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin Naxçıvan dövründən bəhs edilir. Fəsildə aparılan təhlillər belə bir nəticəyə gəlməyə əsas vermişdir ki, bu sözləri Naxçıvana aid etmək olmaz. Çünki ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışması “olum, ya ölüm” dilemması qarşısında qalan Naxçıvan Muxtar Respublikasını labüd fəlakətdən – erməni təcavüzündən qorumuş, əhalini soyqırıma məruz qalmaqdan, aclıqdan, soyuqdan donmaqdan və sair bu kimi fəlakətlərdən xilas etmişdir.
Çoxcildliyin Naxçıvanın müstəqilliyinin möhkəmləndirilməsi dövründəki tarixinə (1993-2015-ci illər) həsr olunmuş fəslində bəhs olunan zaman çərçivəsində Naxçıvan Muxtar Respublikasında baş verən ictimai-siyasi proseslər dərindən təhlil edilmiş, qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün ölkədə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı, yüksələn xətlə inkişaf başlanmış, muxtar respublika qısa müddətdə yüksək inkişaf yolu keçmiş, Azərbaycanın inkişaf etmiş sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir. Müasir dövrdə ulu öndərin işləyib hazırladığı inkişaf strategiyasının uğurla və yaradıcılıqla tətbiqi sayəsində muxtar respublika daha da inkişaf edir, yeni-yeni nailiyyətlər qazanılır. Qeyd olunan bütün bu məsələlər fəsildə öz əksini tapmışdır.
Məlum olduğu kimi, hər hansı bir xalqın tarixi işlənərkən orada siyasi və iqtisadi tarixlə yanaşı, mədəniyyət tarixindən də bəhs edilir. Bu cəhət “Naxçıvan tarixi” çoxcildliyində də nəzərə alınmış, kitabın əhatə etdiyi fəsillərin sonunda hər dövrün özünəməxsus mədəniyyətindən bəhs olunmuşdur. Naxçıvan bölgəsinin tarixinə dair ilk ümumiləşdirici əsər – akademik nəşr olan “Naxçıvan tarixi” çoxcildliyinə əlavə olunan xronoloji cədvəllər, istifadə olunmuş mənbə və ədəbiyyatların, arxiv materiallarının siyahısı, əlavələr, o cümlədən Naxçıvan tarixinin müxtəlif dövrlərinə aid rəngli xəritələr, arxeoloji maddi-mədəniyyət nümunələrinin, memarlıq, epiqrafik və sair abidələrin, görkəmli şəxsiyyətlərin fotoşəkilləri Azərbaycan tarixinin tərkib hissəsi kimi Azərbaycançılıq ideologiyası əsasında yazılan əsərin dəyərini daha da artırmışdır.

Bu il yanvarın 26-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan tarixi” çoxcildliyinin yüksək səviyyədə təqdimat mərasimi keçirilmişdir. “Naxçıvan tarixi” çoxcildliyinin nəşrinin yekunlaşmasını Naxçıvan tarixi ilə əlaqədar görülən işlərin hesabatı kimi dəyərləndirən Ali Məclisin Sədri çoxcildliyin ali təhsil müəssisələrində dərslik kimi tədris olunmasını, bu qədim diyarın tarixinin müxtəlif mərhələlərinə ətraflı nəzər salınmasını, elmi müzakirə və konfranslar keçirilməsini, “Naxçıvan tarixi”nin teleradio və qəzetlərdə geniş təbliğ olunmasını tövsiyə etmiş, tariximizin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınması, Naxçıvan tarixi ilə əlaqədar tədqiqatların bundan sonra da davam etdirilməsi, yeni istiqamətlər müəyyənləşdirilməsi və kitablar yazılması haqqında tapşırıqlar vermişdir. Naxçıvanlı tarixçilər qarşıya qoyulan bu vəzifələrin uğurlu həllinə nail olmaq üçün bütün bacarıq və imkanlarından maksimum istifadə edəcəklər.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü