Maddi-mədəni sərvətlər xəzinəmiz olan muzeylər tariximizin saxlanc yeridir

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Bəhruz Kəngərli muzeyini ziyarət ediblər. Dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərmişdir. O, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir.
Son illər Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. İncəsənət xəzinəmizə dəyərli sənət inciləri bəxş edən Bəhruz Kəngərlinin əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Bəhruz Kəngərli Muzeyində və şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncamına əsasən, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə isə Bəhruz Kəngərli Muzeyi yaradılmışdır.
Burаdа 350-yə yахın mаddi-mədəniyyət nümunəsi qоrunub sахlаnılır və nümаyiş еtdirilir ki, bunlаrın dа 56-sı rəssаmın əsərlərinin оrijinаlı, 300-ü isə fоtо surətlərindən, hаbеlə аiləsi, həyаt və fəаliyyəti ilə bаğlı sənədlərdən, məişət əşyаlа rındаn və digər mаtеriаllаrdаn ibаrətdir.
Rəssamın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 aprel 2012-ci il tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, görkəmli rəssamın yubileyi ölkə miqyasında qeyd olunmuşdur. Ali Məclis Sədrinin qayğısı ilə Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq nəfis tərtibatla nəşr olunmuş, 2013-cü ildə Bəhruz Kəngərli Muzeyində təqdimatı keçirilmişdir. Albom-kataloqa xronoloji ardıcıllıqla 1911-ci ildən 1922-ci ilədək olan dövrdə çəkilmiş rəsmlər külliyyatı daxil edilmişdir. Albom-kataloqda yer alan “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə humanist rəssamın hiss və duyğuları, daxili iztirabları dolğun əks olunmuşdur.
Qədim diyarımızın zəngin tarixini, mədəniyyətinin çoxsaylı inkişaf yolunu əks etdirən muzeylərimiz mədəni irsimizin qorunması və təbliğində, gənc nəslin bədii və estetik tərbiyəsinin, elmi dünyagörüşünün zənginləşdirilməsində böyük əhəmiyyətə malikdir. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə muzeylərdə açıq dərslərin keçilməsi artıq ənənəyə çevrilmişdir. Bunda məqsəd böyüməkdə olan gənc nəsildə milli-mədəni irsimizə məhəbbət oyatmaq və onları zəngin tarixi keçmişimizlə tanış etməkdir.

Nərgiz İSMAYILOVA