“Gəmiqaya mədəniyyəti: tədqiqi və vəzifələr” mövzusunda elmi konfrans keçirilib

Elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın tunc və ilk dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir. Qədim Naxçıvan əhalisi arasında mənəvi mədəniyyətin müxtəlif sahələri ilə yanaşı incəsənət və piktoqrafik “yazı” mədəniyyəti də inkişaf tapmışdır. Bu baxımdan Gəmiqaya petroqlifləri, qayaüstü təsvirləri və piktoqrafik “yazı” nümunələri qədim Naxçıvanın mədəniyyət tarixini öyrənmək üçün çox dəyərli qaynaqlardır.
Qeyd edilmişdir ki, Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Sonralar isə buralar Araz sahilində, eləcədə Naxçıvançay, Əlincəçay, Gilançay vadilərin də yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və sair) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və sair təsvirlər həkk edilmişdir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya təsvirlərinin 1968 ildən öyrənilir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri (tikililərin divarlarının diametri 5–12 m olub, iri və orta həcmli qaya parçalarından qurulmuşdur) və qayaüstü təsvirlər (həmin yurd yerlərinin ətrafındakı qayalar üzərindədir) aşkara çıxarılmışdır. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 26 aprel 2001-ci ildə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” sərəncamında da bu barədə deyilir: “Xalqımızın tarixi, etnoqrafıyası və arxeologiyası üçün çox ciddi əhəmiyyətə malik olan Gəmiqaya qayaüstü təsvirləri Kiçik Qafqaz dağlarının dəniz səviyyəsindən 3000-3500 metr yüksəkliyində yerləşən Qaranquş, Camışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınmışdır. Süjet, kompozisiya mürəkkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə, ovçu, maldar və əkinçi tayfaların təsərrüfat həyatına həsr olunmuşdur. Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı müxtəlif astronomik, coğrafı təsvirli rəsmlər də vardır.
Xalqımızm həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarix və təsviri sənət nümunələri kimi tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verir”.
Konfransda AMEA NB Ədəbiyyat, Dil və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Professor Əjdər Fərzəli və Gəmiqaya mədəniyyətinin tədqiqi”, İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev “Gəmiqaya yazı işarələrinin əksi Azərbaycan-türk əlifba sistemində təkrarı”, AMEA NB Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, müxbir üzv Vəli Baxşəliyev “Gəmiqaya təsvirlərinin semantik məzmunu”, Naxçıvan Dövlət Universiteti, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli “Gəmiqaya abidələrinin coğrafiya və geologiyası”, AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə “Naxçıvan folklorunda Gəmiqaya əfsanəsi”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Nizami Alıyev “Gəmiqayada aşağı bölgə rəsmləri və Nuhun gəmisi” kimi mövzularda məruzə ediblər.
Bundan başqa elmi konfransda musiqişünas Kənan Məmmədli “Gəmiqayadan qaynaqlanan folklorumuzda yallı adları barədə” AQRA EİDİB-in Gəmiqaya ilə bağlı bir çox istiqamətdəki işləri barəsində isə AQRA EİDİB-in İH-nin sədri Mirələkbər Seyidov çıxış edib.

Nərgiz İSMAYILOVA