“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov beynəlxalq konfransın öz işinə başlaması münasibətilə konfrans iştirakçılarını təbrik etmiş, qonaqları salamlayaraq demişdir: Hər bir xalqın qədimliyi onun tarixində, tarix isə mənbələrdə və abidələrdə yaşayır. Naxçıvan torpağı Azərbaycan xalqının tarixini yaşadan abidələrlə zəngindir. Muxtar respublika ərazisində 1200-dən çox tarixi abidə mövcuddur ki, onların da yarıdan çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Abidələr o vaxt tarixin predmetinə çevrilir ki, tədqiq olunsun və yaşadılsın. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumu Naxçıvan abidələrinin elmi və real mənbələr əsasında öyrənilməsinin əsasını qoymuş, bu sahədə yeni istiqamətlər və vəzifələr müəyyənləşdirmişdir. Hələ o vaxt qarşıya qoyulan vəzifələrdən biri də qəhrəmanlıq və mədəniyyət tariximizi özündə yaşadan qalaların öyrənilməsi idi. 
Ali Məclisin Sədri demişdir: Bu gün qalalar barədə tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalalar təkcə sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar – bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir. Əsrlər boyu xalqlar yaşadıqları yerlərdə qalalar tikiblər. Qalalar bütün hallarda xalqların öz daxili tələbatının, hərbi və iqtisadi qüdrətinin nəticəsi olaraq meydana çıxıbdır. Azərbaycan, eləcə də Naxçıvan qalaları da belə bir tarixi yol keçibdir. Ümummilli liderimiz Heydər Əliyev də Naxçıvan qalalarının əhəmiyyətini vurğulayaraq deyirdi ki,“Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”. 
Qeyd olunmuşdur ki, son tədqiqatların nəticəsi olaraq Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilmişdir. Müdafiə istehkamı olan Oğlanqala, Qız qalası, Qazançı qalası, Əlincəqala, Naxçıvanqala, Çalxanqala və digər qalalar strateji cəhətdən olduqca əlverişli mövqedə tikilmiş, yadelli hücumlarının qarşısının alınmasında mühüm rol oynamışdır. Naxçıvan qalaları ilkin yaşayış yerləri, mədəniyyət və sənətkarlıq mərkəzləri kimi diqqəti cəlb edir. Onlar şəhərsalma mədəniyyətinin mühüm elementi kimi də böyük dəyərə malikdir. Naxçıvan qalaları memarlıq quruluşuna görə də seçilirlər. İstər inşaat texnikasının yüksək səviyyəsinə, istərsə də planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalalarımız bu gün təkcə tarixilik baxımından deyil, həm də müasir memarlıq sənətinin inkişafı baxımından da tədqiq olunmalı və öyrənilməlidir. Bütün bunlar “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın böyük elmi, mədəni və tarixi əhəmiyyətə malik olduğunu göstərir. Naxçıvan qalalarının öyrənilməsi Naxçıvan tarixinin və bununla yanaşı, Azərbaycan tarixinin də öyrənilməsinə mühüm töhfədir. 
Ali Məclisin Sədri beynəlxalq konfransda əldə olunan nəticələrin elmimiz üçün faydalı olacağına inamını ifadə etmiş, konfransa uğurlar arzulamışdır. 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək demişdir ki, Naxçıvanın qədim tarixi və müasir sosial-iqtisadi inkişafı alim və tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyur, yeni mövzular müəyyənləşdirilir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının, xüsusən Naxçıvan Bölməsinin alimlərinin apardıqları ardıcıl elmi axtarışlar Naxçıvanın tarixinin ən dərin qatlarının açılmasına zəmin yaratmış, dəyərli elmi ədəbiyyatlar hazırlanmışdır. Üçcildlik “Naxçıvan tarixi” kitabı da azərbaycanşünaslığa dəyərli töhfə olmaqla yanaşı, Naxçıvan tarixinin öyrənilməsinə xidmət edən ensiklo­pedik nəşrdir. Naxçıvan ölkəmizin ən qədim dövlətçilik mərkəzlərindən biri olmuşdur. Qədim Azərbaycan torpağı olan Naxçıvanda tarixən güclü dövlətlər mövcud olmuş, xalqımızın qədim dövlətçilik və mübarizlik rəmzinə çevrilən abidələr, qala-şəhərlər yaranmışdır. Bu mənada “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın keçirilməsi Azərbaycanda ictimai və humanitar elmlərin inkişafı baxımından faydalı olmaqla yanaşı, həm də xalqımızın vətənpərvərlik ənənələrinin və qəhrəmanlıq tarixinin təbliği baxımından mühüm addımdır. 
Konfransda Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oktay Belli “Tunc və Erkən Dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasında oxşarlıq” mövzusunda çıxış edərək demişdir: Naxçıvan dünya əhəmiyyətli abidələrlə zəngin bir diyardır. Son illər Naxçıvanda qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları türklərin mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir. Şərqi Anadoluda və Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qalalar, tapılan maddi-mədəniyyət nümunələri bir daha təsdiq etdi ki, hər iki ərazidə mövcud olan qalalar eyni tikinti xüsusiyyətlərinə malikdir. Lakin Tunc və Erkən Dəmir dövründə əcdadlarımız tərəfindən yaradılan ən möhtəşəm qalalar Naxçıvan ərazisindədir. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan qalalarının öyrənilməsində birgə səylərin göstərilməsinə imkan verəcəkdir. 
Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hillari Qopnik “Şərur vadisinin Son Tunc dövrü qalaları” mövzusunda çıxış edərək demişdir: ABŞ-Azərbaycan layihəsi 2008-ci ildən etibarən Şərur vadisində həyata keçirilir. İlk dörd ildə işimiz üç əsas dövrün qalıqlarına rast gəldiyimiz Oğlanqala təpəsində aparılmışdır. 2013-cü ildən etibarən Qız qalası təpəsi yaxınlığında, Orta Tunc və Erkən Dəmir dövrünə aid yataqlarda qazıntı işləri aparırıq. Ərazidə Orta Tunc dövrünə aid kurqanlar, böyük ölçülü memarlıq abidələri və Son Tunc dövrünə aid qala aşkar edilmişdir. Bu da Naxçıvandakı yüksək mədəniyyəti nümayiş etdirir. Qeyd olunan məsələlərin “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı üçün faydalı olacağına inanır və gələcəkdə Naxçıvandakı qədim insan icmalarına aid daha çox nümunələr aşkarlamağa ümid edirik. Hillari Qopnik tarixə və arxeologiyaya göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan qalaları: dövrləri və xarakterləri” barədə çıxış edərək demişdir ki, Naxçıvan antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. Naxçıvan qalaları başlıca olaraq müdafiə, sonralar dini, ticarət, sənətkarlıq məqsədilə istifadə edilmişdir. Tarixin sonrakı dövrlərində də Naxçıvan qalaları ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal rol oynamışdır. Bu gün Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyət abidələri özlərinin ikinci həyatını yaşayır. Bu abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmamış, xalqımıza tanıdılmamış, təbliğ olunmamışdır. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizə göstərdiyi diqqət və qayğının ifadəsidir. İsmayıl Hacıyev muxtar respublikanın tarixinə və mədəniyyətinə göstərilən diqqətə görə muxtar respublikanın ziyalıları və beynəlxalq konfransın iştirakçıları adından minnətdarlıq etmişdir. 
Sonra konfrans iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan qalaları” sənədli televiziya filminə baxmışlar. 
Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanmışdır.
Beynəlxalq konfrans iyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində öz işini davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmət