İnformasiya-Kommunikasiya Texnologiyaları Otağının Açılışı Olub

Akademik İsmayıl Hacıyev çıxış edərək, AMEA Naxçıvan Bölməsində yaradılaninformasiya-kommunikasiya otağının  əhəmiyyətindən danışmışdır.

Akademik bildirmişdir ki, kompüterlərin təhsil sahəsində uğurlu tətbiqi yalnız onların əldə edilməsindən deyil, eyni zamanda istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından asılıdır. Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.

Qeyd edilmişdir ki, AMEA Naxçıvan Bölməsində bu yaxınlarda ilk dəfə olaraq onlayn şəkildə həyata keçirilən imtahanlar informasiya-kommunikasiya texnologiyaları otağında baş tutub. Doktorantlar və dissertantlar artıq informatikadan minumum imtahanları üçün Bakıya getməyəcəklər.Naxçıvandan birbaşa olaraq onlayn şəkildə imtahanlarda iştirak edə biləcəklər.

AMEA Bioresurslar İnstitunun direktoru akademik Tariyel Talıbov çıxış edərək bildirmişdir ki, otaqda yaradılan şərait gənc alimləri uğurlu tədqiqatlar aparmaqda ruhlandıracaq və burada yaradılan tele-körpü vasitəsi ilə gələcəkdə onlayn konfranslarda, iclaslarda da iştirak etmək mümkün olacaqdır.

Sonda akademik İsmayıl Hacıyev yaradılan şərait üçün Ali məclisin sədri cənab Vasif Talıbova öz minnətdarlığını bildirmişdir.

 

Nərgiz İSMAYILOVA