“Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası Moskvada çapdan çıxıb.

AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyasının təqdimat mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə Akademik İsmayıl Hacıyev açıb.
Qeyd edək ki, monoqrafiya Moskvada çapdan çıxıb. Geniş oxucu kütləsinə təqdim edilən 181 səhifədən ibarət olan monoqrafiyada ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törətdikləri soyqırım və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkirli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilmişdir.
Monoqrafiya haqqında geniş məlumat verən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Erməni iddialarına layiqli cavab verən əsər” adlı məruzəsində qeyd etdi ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları məsələsinə həsr edilmiş və Azərbaycan, o cümlədən Naxçıvan tarixşünaslığında özünəməxsus yeri olan monoqrafiya bu gün dəyərli bir mənbə olmaqla yanaşı, həmdə gələcək tədqiqatlar üçün də əhəmiyyətli elmi istiqamətdir. Hiyləgər ermənilərin xalqımızın başına gətirdiyi ağır faciələrə nəzər salan və bu günkü oxucuya XX əsr proseslərini arxiv sənədləri vastəsilə açıq və aydın şəkildə izah edən yeni nəşrdə ermənilərin mərhələlərlə azərbaycanlılara qarşı qırğınları da öz əksini tapır. Eyni zamanda göstərilir ki, bütün dövrlərdə Naxçıvan diyarının əhalisi yaşanan bütün qanlı hadisələrə mərdliklə sinə gərmiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu bölgə uğurunda mübarizə aparmışlar. Qeyd edilir ki, Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri, qətiyyətli mövqeyi ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı planlarını alt-üst etdi, Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Qars müqaviləsi  reallaşdırdı. Bu müqavilə beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit etməsi və bu status bölgənin sonrakı tarixi taleyində onun ərazisinin qorunub saxlanılması və təhlükəsizliyində çox böyük rol oynadığı dolğun bir şəkildə yeni nəşrin oxucusuna çatdırılır.
Tədbirdə AMEA NB Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və həmin institutun şöbə müdiri İlhami Əliyev çıxış etmişlər.
Bildirilmişdir ki, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası beynəlxalq arenada bir çox suala cavab rolunu oynayan sanballı elmi əsər kimi diqqəti çəkir.

Nərgiz İSMAYILOVA