AMEA Naxçıvan Bölməsində qarşıda duran vəzifələr geniş təhlil olunub

İyulun 27-də AMEA Naxçıvan Bölməsində və Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlərin həlli, cari ilin ilk altı ayında görülmüş işlər və qarşısında duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik Ismayıl Hacıyev açaraq ilk əvvəl Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Akademik daha sonra cari ilin ilk altı ayında görülmüş işlərdən və qarşısında duran vəzifələrdən danışıb.
Akademik AMEA Naxçıvan Bölməsinin elmi və elmi-təşkilati fəaliyyətinə illər üzrə nəzər salaraq qeyd edib ki, ildən ilə elmi kadrların, aspirantların, dissertantların, elmlər namizədi və elmlər doktorlarının sayı artır, əməkdaşların aparılan tədqiqatlarla bağlı konfrans və simpoziumlarda məruzələri dinlənilir, qrant layihələrdə iştirak edir, sanballı kitablar çap etdirirlər.
Bölmənin maddi-texniki bazanın möhkəmləndirilməsi, struktur bölmələrin formalaşdırılması, kadr potensialının artırılması işləri davam etdirilmiş, eyni zamanda elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatlara və eləcə də elmi-təşkilati işlərinə diqqət artırılmışdır. Birinci yarımildə də hərtərəfli dövlət qayğısı əhatəsində olan AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində Naxçıvan Muxtar Respublikasının mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilmiş istiqamətlərdə aparılan tədqiqatlar zamanı ərazinin tarixi, mədəniyyəti, təbii sərvətlərinin əhatəli şəkildə araşdırılmasına çalışılmış və bir sıra nailiyyətlər əldə olunmuşdur.
2016-cı ilin birinci yarısında Bölmə əməkdaşlarının 7 monoqrafiya, 3 kitab, 1 metodik vəsaiti, 256 elmi məqaləsi və konfrans materialı, 2 tezis olmaqla 269 elmi əsəri nəşr edilmişdir. Əsərlərdən 2 monoqrafiya, 1 kitab, 76 elmi məqalə və konfrans materialı, 2 tezis olmaqla 81 əsər xaricdə çapdan çıxmışdır. Elmi məqalələrdən 15-i impakfaktorlu jurnallarda çap olunmuşdur. Hesabat dövründə Bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının, eləcə də “Axtarışlar” jurnallarının 2 nömrəsi çapdan çıxmışdır. Hesabat dövründə “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-etnoqrafik atlasının, “Naxçıvan coğrafiyası”nın I cildi və “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması üzərində işlər davam etdirilmişdir.
Hesabat yarımilində AMEA Naxçıvan Bölməsində 7 konfrans, 10 tədbir, 6 iclas, 22 seminar keçirilmişdir. Bunlardan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncam və təsdiq edilmiş tədbirlər planlarına müvafiq olaraq keçirilən 20 Yanvar faciəsinin 26-cı ildönümü, Xocalı faciəsinin 24-cü ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, Birinci Türkoloji Qurultayın 90, Eynəli bəy Sultanovun anadan olmasının 150, Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə, Naxçıvan Muxtar Respublikasının yaranmasının 92, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə, 22 May Biomüxtəliflik, 05 İyun Ümumdünya Təbiəti Mühafizə Gününə həsr olunmuş konfransları, eyni zamanda “Gəmiqaya mədəniyyəti: tədqiqi və vəzifələri” elmi konfransını, “Kimya tarixi”, “Eynəli bəy Sultanov “Hekayələr” və “Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər” kitab və monoqrafiyaların təqdimat mərasimlərini qeyd etmək olar. Hesabat dövründə AMEA Naxçıvan Bölməsinin 31 əməkdaşı respublikada və xaricdə 12 beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə 06 avqust 2012-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq AMEA Naxçıvan Bölməsi “Naxçıvan tarixi” çoxcildliyinin nəşrinə müvəffəq olmuşdur. Çoxcildliyin hazırlanmasında 25 nəfər müəllif, 10-a qədər texniki köməkçi heyət içtirak etmişdir. Çoxcildlik 3 cild, 19 fəsil və 1540 səhifə həcmində olmaqla Naxçıvanın ən qədim dövründən günümüzədək olan tarixi dövrü əhatə edir. 2016-cı ilin 26 yanvar tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə “Naxçıvan tarixi” çoxcildliyinin təqdimat mərasimi keçirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin məruzəsi dinlənildi.
Bölmədə fəaliyyət göstərən Heydər Əliyev lektoriyasında ümummilli lider Heydər Əliyevin həyatı və çoxcəhətli siyasi fəaliyyətinin müxtəlif istiqamətləri öyrənilmiş, eyni zamanda “Ümummilli lider Heydər Əliyev irsi və multikulturalizm dəyərləri”, “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi”, “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” və s. mövzularda geniş məruzələr dinlənilmiş, sərgi ilə tanışlıq və sənədli filmə baxış keçirilmişdir.
O da qeyd olunub ki, Bölmədə İKT otağının yaradılmış, Təbii Ehtiyatlar İnstitutunun “Seysmoloji Xidmət Şöbəsinin” yenidən qurulması ilə bağlı bir sıra işlər aparılmışdır.
Daha sonra AMEA Naxçıvan Bölməsinin Bioresurslar Institutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış ediblər. Qeyd olunub ki, institutlarda elmi-tədqiqat işlərinin səmərəliliyinin daha da artırılması və müasir tələblərə cavab verəcək səviyyədə aparılması üçün bir sıra işlərin görülməsinə, şöbə və laboratoriyaların qiymətli cihaz və avadanlıqlar, lazım olan maddə və materiallarla təmin edilməsinə ehtiyac duyulur. Yaranan problemilərin həllinin aradan qaldırılması yollarını da müzakirə edilib.

Nərgiz İSMAYILOVA